"Balınızın istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq"
    • 16-08-2022, 11:26
    • 378

"Balınızın istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq"

"İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər. Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni siz ən çox istədiyiniz ixtisası birinci yerdə yazmalısınız. İstəmədiyiniz ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa qəbul olsanız, müsabiqədən sonra balınızın daha çox istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq". 

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur: "Texniki olaraq bu sadə bir prosedurdur. Sizə lazım olan bütün vəsaitlər artıq dərc olunub. Plan yerləri “Abituriyent” 4 jurnalında, ixtisas seçimində faydalı ola biləcək ötənilki keçid balları isə  “Abituriyent” 2 jurnalında çap olunub. Hər ixtisas qrupu üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli”? vəsaitlərində isə abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması var. Müqayisə etmək üçün həmin kitabçaların 2021-ci il buraxılışı da saytımızın Bakalavriat - Faydalı bölməsinə yerləşdirilib. Burada müqayisə zamanı ümumi məntiq ondan ibarətdir ki, abituriyentlərin sayı artıqda keçid ballarının yuxarı, azaldıqda isə daha aşağı formalaşmaq ehtimalı olur. Plan yerlərinin sayı də həmçinin. Artmağı və azalmağı müvafiq olaraq keçid ballarına təsir edə bilər. 

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Burada çalışan işçilərə DİM-in məsul əməkdaşları tərəfindən təlim keçirilib və hər hansı problem yarandığı təqdirdə onlar bilavasitə DİM-ə müraciət etmək imkanına malikdirlər".

Xatırladaq ki, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Yeri gəlmişkən həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir. Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər.