Şagirdi ilə gündəm olan müəllim:
    • 26-09-2022, 16:59
    • 27 047

Şagirdi ilə gündəm olan müəllim: "Mahnı oxumağın nəyi qəbahətdir?"

"Kimsə etdiklərimizi bəyənməyə bilər. Rəyləri mən də oxuyuram. Görürəm ki, insanların çoxu duetimizi bəyənir. Ancaq mənfi rəylər də var. Yazanlar var idi ki, müəllimin şagirdi ilə bu şəkildə video çəkməsi nə dərəcə düzgündür? Niyə də düzgün olmasın?"

Bu sözləri News24.az-a açıqlamasında son günlər "TikTok" sosial şəbəkəsində şagirdi ilə duet oxumaqla məşhurlaşan İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin direktor müavini, fiziki tərbiyə müəllimi Süleyman Rəhimov deyib.

Süleyman Rəhimovla müsahibəni təqdim edirik: 

- Sizin videolarınız son günlər "TikTok"un ən çox baxılan videolarındandır. Bu ideya sizdə necə yaranıb?

- Türkan Rəhimova beşinci sinifdə oxuyanda məktəbdə 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirirdik. Orada Türkan oxudu. Onun səsi xoşuma gəldi. Türkanı Qazax rayon Mədəniyyət Evinə apardım. Orada Vahid Bayramov onun səsini yoxladı. Dedi ki, üstündə işləmək lazımdır, yaxşı səsi var. Biz də başladıq səsin üzərində işləməyə. Ondan sonra Türkan bütün tədbirlərə qoşuldu. Nəinki məktəb, rayon tədbirlərində də oxudu. II Qarabağ Müharibəsi başlayanda ilk duetimiz "Cənab Leytinant" mahnısı oldu. Pandemiya dövrü olduğu üçün onlayn duet oxuduq. Ondan sonra mütəmadi ifa etdik. Bu yaxınlarda da "TikTok" açdım. "TikTok"da məşhurlaşan "Elfida" mahnısını oxunmağı isə şagirdim mənə təklif etdi. Niyə bu mahnı deyə soruşanda dedi ki, bu mahnı xərçəngdən vəfat edən uşağa yazılıb. Azərbaycanda, bütün dünyada bu xəstəlikdən əziyyət çəkən uşaqlar var. Bu mahnını oxuyub onlara həsr edək. Mahnını oxuduq, amma gözləmirdik ki, bu qədər seviləcək.

- Oxuduğunuz mahnıları necə seçirsiniz?

- Tədbirlərdə mahnı oxunacaqsa, mən seçirəm. Duet oxuyanda isə adətən Türkan seçir. Mahnını bəyənir, seçir, mənə deyir. Mən də deyirəm ki, yaxşı, oxuyaq. Türkana dəstək olmaq üçün oxuyuram. İstəyirdim ki, onu dinləyib, tanısınlar və doğrudan da tanıdılar.

- Duetinizə ilk gələn rəylər necə oldu? Mənfi rəy yazan olurmu?

- Mənfi rəy yazan da olurdu, müsbət rəy yazan da. Rəylərin 90 faizi müsbət idi. İnsanlar çox bəyəndi. Hətta telefon zəngləri də oldu.
Hər kəsin öz fikri var. Kimsə etdiklərimizi bəyənməyə bilər. Rəyləri mən də oxuyuram. Görürəm ki, insanların çoxu duetimizi bəyənir. Ancaq mənfi rəylər də var. Yazanlar var idi ki, müəllimin şagirdi ilə bu şəkildə video çəkməsi nə dərəcə düzgündür? Niyə də düzgün olmasın? 

- Artıq Azərbaycanda çox insan sizi tanıyır. Bu sizə necə təsir bağışlayır?

- İnsanların müsbət rəyləri məni sevindirir. Mən də, şagirdim də gözləmirdik ki, insanlar belə reaksiya verə bilər. 

Qumral Əliyeva