“Dedilər qulağını kəsəcəyik, baqaja basıb apardılar” – BAKIDA İNANILMAZ HADİSƏ
    • 22-10-2022, 14:22
    • 334

“Dedilər qulağını kəsəcəyik, baqaja basıb apardılar” – BAKIDA İNANILMAZ HADİSƏ

Keçən ilin 2 dekabr tarixində Bakı şəhər Xətai rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində universitet tələbəsi, 2003-cü il təvəllüdlü Əli Xıdırov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, hadisəni törədən Əlinin dostu olan İlham bu hadisədən bir neçə gün əvvəl paytaxt ərazisində “Maga” ləqəbli şəxsi bıçaqlayıb. Bundan sonra “Maga”nın dostları həmin hadisənin iştirakçısı olan Əlini axtarmağa başlayblar. Onlar Əlini tapdıqdan sonra Orxan Musayev adlı şəxs ona zəng edib. Telefon danışığı vaxtı tərəflər bir-birini söyüb və Orxan dostları ilə birgə “Xıdı” ləqəbi ilə tannan Əlini cəzalandırmaq qərarına gəlib. Növbəti bıçaqlanma da dekabrın 2-də gecə saat 04 radələrində baş verib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən Əli Xıdırov hadisəni belə nəql edib: “02 dekabr 2021-ci il tarixə keçən gecə dostum Asiman Abdullayev zəng edərək "28 May" metrosunun yaxınlığında yerləşən "50 qəpik" kafesinin qarşısına çağırdı. Həmin vaxt Masazırda idim. Digər dostum Fəridlə birlikdə taksi ilə "28 May"a getdim. Biz ora çatanda Asiman zəng edib "28 May"dakı yox, "Xətai" metro stansiyasının yaxınlığındakı "50 qəpik" kafesinin qarşısında gözlədiyini dedi. Bundan sonra dostum Fəridlə taksi çağırıb dediyi yerə getdik. Biz ora çatdıqda saat təxminən 4 idi. Mən orada Asimana bir neçə dəfə zəng etsəm də, o, telefonu açmadı. Həmin vaxt orada "Kia" markalı avtomobili görüb şübhələndim. O avtomobil sanki bizi izləyirdir. Ona görə də o, taksi sürücüsünə "Çapayevə" sürməsini dedim. Bu vaxt Asiman və onun yanında olan, adının sonradan Rəşid olduğunu bildiyi şəxs piyada bizim olduğumuz taksiyə yaxınlaşdı. Sonra Asiman taksinin arxa sol qapısını açıb Fəridin yanında əyləşdi. Asimanın yanında olan Rəşidə avtomobilə oturmağı təklif etdikdə o, fit çalaraq "gəlin" dedi. "Kia" bizim olduğumuz taksinin qabağında dayanıb taksinin qabağını kəsdi. Sonra bir avtomobil də yanımıza gələrək taksi ilə paralel dayandı”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həmin vaxt o, təkləndiklərini görüb taksidən düşərək qaçmaq istəyib: “Taksidən düşdükdə, çoxlu sayda şəxslərin üstümə gəldiyini gördüm. Bundan sonra həmin şəxsləri tanıdım. Onlar Rəşid, Orxan, Ziyad, İsmayıl, Elsevər və Xəyyam idi. Ziyadın əlində beysbol bitası, digər uşaqların əllərində isə bıçaq vardı. Başa düşdüm ki, Asimanın vasitəsi ilə həmin şəxslər məni döymək üçün ora gətiriblər. Bunu görüb qaçmaq qərarına gəldim və yaxınlıqda olan hasara dırmaşıb oradan qaçmaq istədim. Hasara çıxanda kimsə ayağımdan dartdı, zərblə vuraraq məni yerə saldı. Sonra kimsə arxadan möhkəm zərbə ilə vurdu. Yerdə uzanmış vəziyyətdə olduğum zaman Ziyad əlindəki beysbol bitası ilə başımdan və gözümdən möhkəm vurdu. İsmayıl isə təpiklə yerdə vurdu. Artıq halsız vəziyyətdə idim. Hətta həmin vaxt cibimdə olan vəsiqəm, 3 manat pulum və telefonum da yerə düşmüşdü. Ziyad bu vaxt dedi ki, “səni indi aparıb, qulağıvı kəsəcəyik”.

Sonra Ziyadgil məni  həmin "Kia"-nın yük yerinə,  meyit kimi “baqaja” qoyub tanımadığım yerə apardılar. Həmin vaxt özümdə deyildim. Ziyadgil yük yerini açıb üzümə su vurublar. Bir az özümə gəlmişəm. Ondan sonra onlar məni yük yerindən düşürüb arxa oturacağa əyləşdirdilər. Mənə Nardaran qəsəbəsində olduğumuzu dedilər”. 

Əli əlavə edib ki, daha sonra onu Nardarandan Keşləyə gətiriblər və orada Həsən adlı şəxslə görüşdürüblər. Həsən onun əslən Füzulidən olduğunu biləndən sonra sərbəst buraxıb.

O qeyd edib ki, dava-dalaş zamanı Orxanı bıçaqlamayb və ona xəsarət yetirməyik, əksinə özü döyülüb: “Ola bilər qaranlıqa qarışıqlıq zamanı başqa adam Orxana xəsarət yetirib”.

Zərərçəkən şəxs qismində ifadə verən Orxan da Əlinin onu vurduğunu görmədiyini deyib və kim tərəfindən bıçaqlandığını bilmədiyini əlavə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesa oktyabrın 20-də yekun vurulub. Əli Xıdırovun 1 il müddətinə şərti cəzaya məhkum edilməsinə hökm edilib və o, azadlıqda qalıb.