Azərbaycanda inanılmaz hadisə - Benzin töküb qayınanasının evini yandırdı
    • 31-10-2022, 11:12
    • 166

Azərbaycanda inanılmaz hadisə - Benzin töküb qayınanasının evini yandırdı

Gəncədə qayınanasının evinə daxil olaraq mənzili benzin tökməklə yandıran 38 yaşlı şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 38 yaşlı Arzu Tağıyev keçmiş arvadından və qaynanasından qisas almaq üçün onların Cavadxan küçəsində yaşadıqları evi yandırmaq qərarına gəlib. Bu məqsədlə o iyunun 22-də gecə saat 02 radələrində əldə etdiyi benzinlə birgə evə daxil olub.

O, ikinci mərtəbəyə qalxaraq mənzilə benzin tökərək od vurub. Nəticədə ev tamamilə yanıb. Mənzil sahibinə tikinti və təmir xrcləri ilə birgə 50 min manat, mənzildəki əşyaların yanmasına görə isə 17 min manat, ümumilikdə 67 min manat ziyan dəyib.

Cinayət işi ilə bağlı Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə Arzu törətdiyi əməli etiraf edib. O, boşandığı həyat yoldaşı ilə arasındakı mülki mübahisəyə görə qisas almaq məqsədilə belə bir iş gördüyünü deyib. Təqsirləndirilən şəxs həmçinin psixi xəstəlikdən əziyyət çəkdiyini, birgə nikahdan 3 övladının olduğunu qeyd edərək yüngül cəza verilməsini xahiş edib.

Arzu Tağıyevin keçmiş həyat yoldaşı isə bildirib ki, keçmiş əri dəfələrlə onları təhdid edib və evlərini yandıracağını bildirib. O, Arzunun içki və narkotik vasitə aludəçisi olduğunu bildirib, həmçinin evi yandırdığına görə ziyanı ödəmədiyini qeyd edib.

Gəncə Şəhər Məhkəməsində bugünlərdə məhkəmə prosesi başa çatıb və qayınanasına məxsus evi yandıran şəxsə 3 il yarım həbs cəzası verilib.