Bakıda təcavüz olunan qadın qan içində qaçıb, qonşudan kömək istədi
    • 22-11-2022, 14:24
    • 10 832

Bakıda təcavüz olunan qadın qan içində qaçıb, qonşudan kömək istədi

Bu ilin may ayında Bakı şəhər Sabunçu rayonunda 24 yaşlı qızı xüsusi amansızlıqla zorlayan şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, mayın 17-də barəsində həbs-qətimkan tədbiri seçilən 1990-cı il təvəllüdlü, Qusar rayon sakini Yasin Novruzbəyov (Soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. O, Cinayət Məcəlləsinin 149.2.4-cü (Zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Araşdırma zamanı məlum olub ki, Yasin “Tarqovıy” məhəllə kimi tanınan Nizami küçəsindəki restoranda aşpaz işləyib. O, hadisə baş verən gün gecə işdən çıxıb və “Sovetski”də yaşayan dostuna baş çəkib. Gecə saat 02 radələrində metronun “Nizami” stansiyasının yaxınlığından idarə etdiyi “Opel” markalı avtomobillə keçərkən Yasin dayanacaqdakı skamyada əyləşən 1998-ci il təvəllüdlü M.Mənsimovanı görüb və ona yaxınlaşaraq söhbət etməyə başlayıb. Onlar 30 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıblar. Ailəli və 3 azyaşlı uşaq atası olan Yasin 24 yaşlı qızı yaşadığı Sabunçu rayon Ramana qəsəbəsi Gülçülük massivində tikdirdiyi evə getməyi təklif edib və onlar razılaşıblar.

İstintaqla müəyyən edilib ki, orta məktəbi 9-cu sinfədək oxuyan M.Mənsimova narkotik asılılığından əziyyət çəkib və bir neçə dəfə müalicə olunub. O, evdən qaçaraq “Kubinka”da kirayə ev tutaraq orada yaşayıb və narkotik almaq üçün gecələr müxtəlif şəxslərlə pul müqabilində cinsi əlaqədə olub.

Hadisə baş verən gün onlar Yasinə məxsus avtomobillə Ramana qəsəbəsinə gediblər. 166 saylı marşrut xəttinin sonuncu dayanacağını keçdikdən sonra gecə saat 03 radələrində Yasin qıza hücum edərək onu döyməyə başlayıb və kimsənin olmadığı dalana salaraq ona xəsarətlər yetirməklə zorlayıb. O, daha sonra qızı həmin yerdə ataraq “nə sən məni tanıyırsan, nə də mən səni”, deyərək vəd etdiyi pulu vermədən maşını sürüb gedib. Yolu axtarmağa başlayan 24 yaşlı qız bir qədər getdikdən sonra qorxu keçirib və yaxınlıqdakı evlərdən birinin qapısını döyüb. Ev sahibi Aysel Əkbərova (şərti) məhkəmədə ifadəsində deyib:

“Gecə saat təxminən 03:30 radələrində nənəm məni oyadaraq çöl darvazanın döyüldüyünü söylədi. Nənəm gecə 03-04 radələrində namaza oyanır və həmin saatlarda oyaq olur. Əynimi geyinərək çöl qapıya çıxdıqda bir nəfər qadının qapını döydüyünü gördüm. O, darvazanı açdıqda adını sonradan bildiyim qız huşsuz vəziyyətdə üzərimə aşdı. Onun çoxsaylı bədən xəsarətləri ilə ağır vəziyyətdə qan içində olduğunu gördüm, ağzı və bədəni qan içində idi. Onu içəriyə evə dəvət edərək əynindəki paltarlarını çirkli və qanlı olduğu üçün çıxartdım, ilkin tibbi yardım göstərib hamama salıb çimizdirdim. Bundan sonra özümə aid təmiz şalvar-köynəyi verərək əyninə geyindirməyə köməklik etdim. Sonra ona  şirin çay verdim ki, içib özünə gəlsin. Bundan sonra qızdan harada qaldığını və taksi ilə evə aparıb düşürtməyimi soruşdum. “Sovetski”də qaldığını bildirdi. Ondan yolu göstərə biləcəyini soruşduqda razılaşdı. DİN-in 102 qaynar xidmətinə zəng vurmasını da təklif etdim, lakin səsini çıxartmadı. Taksi çağırıb onu yaşadığı evə apardım və evə qoyub taksi ilə geri qayıtdım. Onun vəziyyəti çox ağır olduğu üçün çox sorğu-sual etmədim, amma halından görünürdü ki, ağır formada döyülüb”. 

Bundan sonra halı daha da pisləşən 24 yaşlı M.Mənsimova həkimə müraciət edib və bu barədə xəstəxanadan polisə bildirilib. Tibbi müayinə zamanı ona qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi, çənə sümüyünün sol bucaq və sağ mental hissəsinin, burun sümüyünün yerini dəyişən, sol əng sümüyünün yerini dəyişməyən qapalı sınıqları, çənənin sol yarısının hematoması, sol gözyuvası ətrafın qançırı kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər diaqnozu qoyulub. Həmçinin zorlanmasına dair tibbi rəy təqdim edilib.

Hadisəni törədən Yasin Novruzbəyova bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində 7 il həbs cəzası verilib.