“20 min manata ehtiyacım var” - Toppuş bacı
    • 13-12-2022, 14:54
    • 256

“20 min manata ehtiyacım var” - Toppuş bacı

“Müalicəm üçün 35200 manat lazımdır. Bu məbləğin 15 min manatını toplamışam. 20200 manata ehtiyacım var”.

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Tünzalə Əliyeva “TikTok” sosial şəbəkə platformasında açdığı canlı yayımda deyib.

Əməliyyat olub-olmayacağı haqda söz açan T.Əliyeva bildirib ki, beynində və ağciyərində bədxassəli şişlərin sayı artıb:

“Həkimlər mənə söylədilər ki, əməliyyatın olub-olmayacağı altı həftədən sonra bəlli olacaq. İki həftəni geridə qoymuşam. Qalıb 4 həftə - yəni tam bir ay. MRT-in nəticəsi əsasında beyində olan o bədxassəli şişlərin (tümor) aqibəti bəlli olacaq.

Hələ ki, şüa qəbul etmişəm. Şüadan sonra nə olacaq bilmirəm. Çox güman əməliyyat olunmayacağam. Çünki ağciyərimdə bədxassəli şişlərin sayı həddən artıq çoxdur. Hər dəfə MRT-ə girəndə düşünürəm ki, bununla bitəcək, son olacaq. Amma görürsən ki, bitmir”.

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.

Könül İbrahim