Azərbaycanda 30 gün komada qalan qadın ayıldı
    • 26-12-2022, 10:56
    • 282

Azərbaycanda 30 gün komada qalan qadın ayıldı

30 gün koma vəziyyətində qalan 28 yaşlı qadın həyata qayıdıb.

News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu paylaşım edib:

"Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənində qırılmayan yer qalmayan gənc qadın çox uzun mücadilədən sonra  həyata qayıtdı. Keçirdiyi avtoqəzadan sonra yaralı özəl xəstəxanalardan birinə aparılır, amma xərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edir. Və yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilir. Onun həyata yenidən qayıdışı bu qərarla başlayır... Avtoqəza nəticəsində olduqca ağır yaralanan, 30 gün koma vəziyyətində qalan 28 yaşlı qadının həyatı xilas edilir. Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib". 

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb:

“Xəstə 8 noyabrda yol-nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə  Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”. 

Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib:

“Hadisə noyabr ayının 7-si, axşam saatlarında baş verib. Bu barədə noyabr ayının 8-i bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicəsi davam etdi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram”.
Məlumat üçün bildirim ki, gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.