“Paşinyanın aciz mövqeyi kimin haqlı, kimin haqsız olduğunu göstərdi” - ŞƏRH
    • 20-02-2023, 13:38
    • 146

“Paşinyanın aciz mövqeyi kimin haqlı, kimin haqsız olduğunu göstərdi” - ŞƏRH

“59-cu Münhen Təhlükəsizlik Konfransı başa çatdı. Azərbaycanın bu konfransa mütəmadi dəvət olunması və Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin və dövlətimizin başçısının dünyadakı nüfuzundan xəbər verir. Digər tərəfdən isə Azərbaycanın Avropa bazarında iqtisadi və siyasi nüfuzunun artdığını göstərir”. 

Bunu News24.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, mövcud Rusiya-Ukrayna müharibəsi fonunda artan enerji böhranı və tələbatı Avropanın alternativ ölkələrə üz tutmasına gətirib çıxardı: “Bu ölkələrdən ən etibarlısı isə şübhəsiz ki, Azərbaycandır. Azərbaycanın istər neft və qaz sahəsində, istərsə də, son illərdə icra etdiyi “yaşıl enerji” siyasəti Avropanın diqqət mərkəzindədir. Hesab edirəm ki, bu istiqamətdə Avropanın tələbatını ödəyə bilir. 

“Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda üçlü dəyirmi masa keçirildi. Burada Gürcüstandan İrakli Qaribaşvili, Ermənistandan Nikol Paşinyan, Azərbaycanda isə cənab Prezident İlham Əliyev iştirak etdi. Moderatorun səsləndiridyi qərəzli mövqeyə baxmayaraq, Azərbaycan öz haqlı mövqeyini bir daha göstərdi. Prezident İlham Əliyev mövcud münaqişənin həlli yollarına dair geniş şəkildə açıqlama verdi. Təəssüf ki, Rusiya-Ukrayna müharibəsində Avropanın Ukrayna ilə bağlı dəstəyini biz Azərbaycanın haqlı davasında görmədik. Azərbaycan Prezidenti diplomatik və anlaşılan dildə mövcud problemlərin həllinə dair çıxış yollarını göstərmiş oldu. 

Azərbaycan konstruktiv mövqe sərgiləyir. Azərbaycan tərəfinin həqiqətləri belə dəyirmi masalarda, debatlarda səsləndirməsi və Paşinyanın aciz mövqeyi, cavabları kimin haqlı, kimin haqsız olduğunu göstərir. Azərbaycanın daha geniş platformalarda təmsil olunması və Münhen Təhlükəsizlik Konfransındakı nüfuzu siyasi baxımdan da önəmlidir”.