Azərbaycanda sabiq rəis sərxoş halda dəhşətli qəza törədib
    • 10-03-2023, 12:06
    • 351

Azərbaycanda sabiq rəis sərxoş halda dəhşətli qəza törədib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda ölümlə nəticələn yol qəzası törətmiş keçmiş polis rəisi, 1966-cı il təvəllüdlü Şahin Xudaverdiyevin məhkəməsi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə,Gədəbəyin Qarabulaq kəndi yaxınlığında idarə sərxoş halda və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes ML 350” markalı ciplə E.Abdullayevin idarə etdiyi “VAZ-21011”i vuran Ş.Xudaverdiyevə hökm oxunub.

Bildirilib ki, E.Abdullayevin sərnişini olan həmkəndlisi Zabit Məmmədovun ölümünə, daha bir şəxsin ağır xəsarət almasına səbəb olan qəzanı törətmiş Ş.Xudaverdiyev uzun illər Rusiyada polis rəisi kimi çalışıb. O, hadisədən əvvəl Gəncədən Gədəbəyə xalası nəvəsinin yasında iştirak etmək üçün getdiyini və dostuna məxsus avtomobili idarə etdiyini deyib. Lakin təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş halda olmasını inkar edib: “Mən Rusiya Federasiyasının vətəndaşıyam. 1966-cı ildə Gəncədə anadan olmuşam və orta məktəbi rus dilində Gəncə şəhərində bitirib 1984-cü ildə SSRİ ordu sıralarına hərbi xidmətə getmişəm. Hərbi xidmətdən sonra Azərbaycana qayıdıb 1988-ci ildə daxili işlər orqanlarında işə qəbul olduqdan sonra Rusiya Federasiyasının Pskov şəhərində işləmişəm.

Rusiya daxili işlər orqanlarında 2014-cü ilə qədər xidmət edib 2014-cü ildə polis polkovnik-leytenantı rütbəsində Sankt Peterburq şəhəri, Şimal-Qərb nəqliyyat polis idarəsinin rəisi vəzifəsindən təqaüdə çıxmışam. Hadisəyə gəlincə, daim Rusiyada yaşasam da, ilin müxtəlif vaxtlarında Azərbaycana gəlib qohumlarıma baş çəkirəm. Sonuncu dəfə 28 oktyabr 2020-ci il tarixdə müharibə ilə bağlı ana vətənimə dəstək olmaq üçün Azərbaycana gəlmişdim. Gəncə şəhərində yaşayan yeznəmə məxsus olan “Mercedes Benz ML 350” minik markalı avtomobilini etibarnamə əsasında idarə edirdim. Belə ki, 17 dekabr 2020-ci il tarixdə yeznəm Rasimdən Gədəbəyin Böyük Qaramurad kəndində xalam nəvəsinin yas mərasiminə getmək üçün avtomobili aldım. Günorta vaxtı Məzahir adlı dostumla birgə Gədəbəyə gedib yasda iştirak etdik. Lakin həmin gün spirtli içki qəbul etməmişəm, yolda dincəlmək üçün də dayanmamışdıq. Gəncəyə qayıdanda Gədəbəy rayon mərkəzini keçdikdən sonra körpüyə çatmağa az qalmış “VAZ-21011” markalı avtomobil anidən hərəkətdə olduğum zolağa çıxdı. Mən idarəetməni qismən itirərək maşını qarşı hərəkət zolağına tərəf yönləndirdim və toqquşma baş verdi. Avtomobilin hava yastıqları açıldığı üçün mən və yanımdakı sərnişin xəsarət almadıq”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra maşından düşərək “VAZ”da olan şəxslərə kömək etmək istəyiblər. Lkain Z.Məmmədov vəfat edib, sürücü isə ağır yaralanıb.

O da məlum olub ki, qəzada vəfat edən şəxs qızılçıxarma şirkətində çalışırmış.

Mərhumun qardaşı hadisəni törədən sürücünü bağşladıqlarını, onunla bağlı şikayət və tələblərinin olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb və keçmi polis rəisi Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan və ya sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib. Ş.Xudaverdiyev 4 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh Bağırov