"Şəhid qardaşı olduğum üçün məni işə gəlməyə qoymadılar"- Sənan Əhmədov
    • 16-03-2023, 22:04
    • 229

"Şəhid qardaşı olduğum üçün məni işə gəlməyə qoymadılar"- Sənan Əhmədov

"Məni çalışdığım "Kontakt Home"dən səbəbsiz yerə çıxarıblar". 

Bunu şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov News24.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, çalışdığı "Kontakt Home"dan ona şirkətin imicinə zərər verdiyi bildirilib: "Rəhbərlikdən deyildi ki, şəhid qardaşı olduğum üçün evlərə çatdırılma etməyim şirkətin imicinə zərər verir. Ona görə də mənə anbarda, ya da dəzgahda işləmək təklif olundu. Anbarda iş çox ağır olduğu üçün qəbul etmədim. Dəzgahda da işləyə bilmirəm. Bu işdə 2 ilə yaxındır ki, çalışıram. İndiyə qədər heç bir problem yaşamamışam. Bir neçə dəfə rəhbərliklə bu mövzuda danışığımız oldu. Axırıncı dəfə dedilər ki, anbarda işləməyə razısınızsa, qalın. Əgər razı deyilsinizsə, onda biz sizi işdən azad edirik. İndi isə açıqlama verirlər ki, guya mən işdən yayınmışam. Bu, doğru deyil. Onlar mənə işə gəlməyə icazə verməyib".     

Sənan Əhmədov yaxın zamanda Türkiyəyə köçəcəyini də bildirib.

Məsələ ilə bağlı "Kontakt Home" açıqlama yayıb. Açıqlamada deyilir:

"Keçmiş əməkdaşımız Sənan Əhmədov ötən ilin sentyabr ayından bəri bir gün də olsa işə çıxmayıb. Amma qardaşı Səbuhi Əhmədovun şəhid olduğunu nəzərə alaraq, “Kontakt” ailəsi ona maddi-mənəvi, hər şəkildə dəstək olmağa çalışıb. Qardaşının ölümündən dərhal sonra şirkət ona birdəfəlik müavinət verib, işləmədiyi bütün dövr ərzində isə əmək haqqısını 100% ödəməyə davam edib. Lakin o, şirkətin bütün humanist addımlarına rəğmən, müxtəlif bəhanələrlə işindən yayınıb.

Belə olduğu təqdirdə, şirkətin onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi əsasında işdən azad etmək hüququ var idi. Amma şirkət yenə də şəhidimizə hörmət əlaməti olaraq onu bu şəkildə işdən azad etməyib və müqavilə müddətinin bitməsinə qədər gözləyib.

Aylarla işləmədiyi təqdirdə şirkətdən əmək haqqı almağı özünə ayıb bilməyən Sənan Əhmədov bu gün şirkətə böhtan atmağı da özünə ayıb bilmir. Bu, bizi olduqca təəssüfləndirir.

Çünki hamıya məlumdur ki, “Kontakt” özünün “Qarabağ” Proqramı çərçivəsində illərdir ki, geniş sosial məsuliyyət layihələri həyata keçirir və yardım kampaniyaları təşkil edir. İndiyədək olan bütün qarayaxma kampaniyalarına rəğmən, bu fəaliyyətini yenə də davam etdirir. Sonda Səbuhi Əhmədov başda olmaqla, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Buradan şəhid qardaşı, qohumu kimi statuslardan sui-istifadə edənləri şəhidlərimizin ruhuna ehtiramla yanaşmağa çağırırıq".