Bakıda qadın qonşu oğlunun hücumuna məruz qaldı, həbs edildi
    • 12-04-2023, 16:53
    • 175

Bakıda qadın qonşu oğlunun hücumuna məruz qaldı, həbs edildi

Aprelin 4-də Bakı şəhər Nizami rayon Məhkəməsində Şabran rayon sakini 1992-ci il təvəllüdlü Şirin Qədimağa oğlu Nəcəfli həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib və yekun hökm elan edilən kimi məhkəmə zalında həbs edilib.

Bildirilib ki, Şirin Nizami rayonu Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binada kirayə yaşayıb. Onun yaşadığı evə tez-tez başqa şəxslərin gəlməsi səbəbindən vaxtaşırı səs-küy yaranıb və qonşusu Gülşəni narahat edib. Gülşən bir neçə dəfə Şirinə irad bildirsə də, o, qonşulara məhəl qoymayıb.

Nəhayət ötən ilin 29 iyul tarixində eyni hal yenidən təkrarlanıb. Gecə baş verən səs-küyə görə Gülşən səhər binanın komendantının yanına gedərək şikayət edib. Bu zaman Şirin də evdən çıxaraq həyətə düşüb və onları görərək mübahisəyə qoşulub. O, Gülşənin dediyi sözlərdən özündən çıxaraq qadına sillə ilə 2 zərbə endirib. Kəllə-beyin travması alan qadın yerə yıxılaraq huşunu itirib. Həmçinin digər xırda xəsarətlər alıb.

O, daha sonra polisə şikayət edib və tibbi müayinədən keçib.

Polisin araşdırma və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olmaqla azadlıqda qalan Şirin məhkəmə prosesinin yekununda həbs edilib.

Nizami Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli hökmü ilə ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və məhkəmə zalındaca həbs edilib.

Taleh BAĞIROV