Şeyx Əbdül Abutalıbovla bağlı Ali Məhkəməyə müraciət ETDİ
    • 27-04-2023, 11:14
    • 331

Şeyx Əbdül Abutalıbovla bağlı Ali Məhkəməyə müraciət ETDİ

“Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovla bağlı Ali Məhkəmənin yeni təyin olunmuş sədri İnam Kərimova müraciət ünvanlamışam. Bildirmişəm ki, 10 ildir onun ucbatından Karlson kimi damda-bacada yaşayıram”.

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında deyib. O, qeyd edib ki, zamanında Ali Məhkəmə ona məxsus evlə bağlı 3 qətnamə qəbul etsə də, bu günə qədər həmin qətnamələr icra olunmur: “Əvvəllər bu qətnamələr niyə icra olunmurdu, səbəbi məlum idi, çünki Abutalıbov vəzifədə idi və buna mane olurdu. Bəs indi niyə baxılmır, qərarlar icra edilmir? Niyə mənim kimi 80 yaşlı Xalq artisti illərdir damda yaşamalıdır?

Tələbim bundan ibarətdir ki, ya Abutalıbov gəlsin evimi alıb versin, ya da dağıtdığı evimi təmir etdirsin.
Dövlətin məhkəmə qətnamələrinin icra olunmaması cinayətdir. Buna görə Abutalıbov məsuliyyət daşıyır. Tələb edəcəm ki, əgər Abutalıbov bundan sonra da məhkəmə qərarlarını icra etməsə, buna görə barəsində cinayət işi açılsın”.

Xalq artisti qeyd edib ki, 10 ildir ki, davam edən problem öz həllinin tapmasa, beynəlxalq məhkəmələrə müraciət edəcək.