Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyevə və Atatürkə həsr olunmuş tədbir keçirildi
    • 19-05-2023, 22:46
    • 674

Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyevə və Atatürkə həsr olunmuş tədbir keçirildi

Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yollarından, Azərbaycan və Türkiyə ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıblar.

Sonra Azərbaycanın Əməkdar artistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqsləri alqışlarla qarşılanıb.

Tədbirdə iştirak edən Əməkdar artist Elza Seyidcahan vətənpərvər mahnıların bəstəkarı olmaqdan qürur duyduğunu deyib:" Hesabat ilim olduğu üçün müxtəlif janrlarda olan mahnılarımı fərqli məkanlarda səsləndirirəm. Heydər Əliyevin 100 illik yubileyi olduğu üçün bu ilə də töhvəmi vermək istədim və məktubla müraciət edib zabitlərimizin qarşısında çıxış etmək istədiyimi bildirdim. Cəmşid Naxçivanski adına hərbi məktəbi seçməyim də heç də təsadüfi olmadı. Çünki buranın qurucusu, yaradıcısı Heydər Əliyev olub. Fəxr edirəm ki, tədbirdə səslənən bütün vətəpərvərlik mahnılarının bəstəsi də mənə aid idi. Müdafiə Nazirliyi və hərbi məktəbin rəhbərliyinə, mənə şərait yaradan bütün kollektivə minnətdarlığımı bildirirəm". 

Sonda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.