"Elxan Qasımovu reanimasiyada o vəziyyətdə görəndə..." - Şeyx Əbdül
    • 30-05-2023, 12:03
    • 816

"Elxan Qasımovu reanimasiyada o vəziyyətdə görəndə..." - Şeyx Əbdül

“Azərbaycan mədəniyyətinə Elxan Qasımov kimi yüz ildə bir dəfə yetişən kino xadimi, ziyalı, milli ruhlu vətənpərvər kadr xidmət etdi. Kinomuzda bir daha Elxan Qasımov olmayacaq, onu əvəz edən də olmayacaq”.

Bu sözləri News24.az-a açıqlamasında kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudov ötən gün dünyasını dəyişən əməkdar artist Elxan Qasımov haqda danışarkən deyib. 

“Elxan övladı ilə bağlı ağır faciə yaşamışdı. Bizim də təsəllimizlə birtəhər həyata tutunurdu. Elxan Qasımovun itkisi çox böyük itkidir. Elxan xalqımız, kino mədəniyyətimiz, ideologiyamız, milli-mənəvi dəyərlərimiz, təbliğatımız üçün hər şeyi edib. Onun əməli göz qabağındadır. Allah rəhmət eləsin. Övladları, nəvələri, ad-sanı, ləyaqəti üçün əlimizdən gələni edəcəyik. Adətən insan dünyasını dəyişmədən öncə deyir ki, məni ata-baba ocağımdan çıxarın, Elxan Qasımov isə kinostudiyadan aparılmasını istəyib”, - o qeyd edib.

Xalq artisti sonuncu dəfə Elxan Qasımovla altı gün əvvəl danışdığını söyləyib: “Onunla danışdım, sonra reanimasiyaya getdim. Həkimlərə dedim ki, ona görmək istəyirəm. İcazə verdilər, gördüm, dağ kimi adam cihazlara qoşulu vəziyyətdə yatırdı. Onu o vəziyyətdə görəndə çox pis oldum, alnından, əlindən öpdüm, sığal çəkdim”.

Qeyd edək ki, Elxan Qasımov aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bir müddət idi ki, reanimasiya şöbəsində müalicə olunan əməkdar artist ötən gün dünyasını dəyişib. O, Xırdalan qəbristanlığında dəfn olunacaq.

Qumral Əliyeva