Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib
    • 26-02-2019, 17:43
    • 677

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında, onun regional və resurs mərkəzlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. News24.az-ın məlumatına görə, aparatda keçirilən anım tədbirində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsmanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bəyanatı diqqətə çatdırılıb.

Həmin Bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi vurğulanıb.

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən təşkil olunan anım tədbirləri və konfranslarında Müvəkkilin bəyanatı səsləndirilir və iştirakçılara paylanılır. Ölkəmizin Küveytdəki səfirliyi tərəfindən həmin Bəyanat Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.  
                                
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhalini amansızcasına qətlə yetirmişlər, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, eyni zamanda çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Müvəkkil Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciətinin olduğunu, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu soyqırıma hüquqi-siyasi qiymət verdiyini söyləyib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərinin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır. Bu isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapıb.

Qeyd olunub ki, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxalq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara indiyədək layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməyib.

Yekunda bəyanatda Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməyin, Ermənistanın münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməsinin, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarların tezliklə ədalət məhkəməsi qarşısında cavab verərək cəzalandırılmasının zəruriliyinin bildirildiyi vurğulanıb. Habelə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbirdə Müvəkkil Elmira Süleymanova, Ombudsmanın Aparatının, resurs mərkəzləri olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nümayəndələri iştirak ediblər.

Müvəkkil həmin tədbirdə geniş çıxış edərək, bu soyqırımdan sonrakı illər ərzində hər birimizin ürək ağrısı ilə yaşadığını, bu faciənin və erməni təcavüzünün ağır nəticələrini bildirib. O, bu işğal zamanı erməni millətçilərinin Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətdiyini, Azərbaycan həqiqətlərinin, zəbt edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarımız barədə məlumatların dünyaya çatdırılmasının hər bir soydaşımızın vəzifəsi və borcu olduğunu söyləyib. E.Süleymanova Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti, hər il Xocalı soyqırımı ilə bağlı bəyanatlar verdiyini və nüfuzlu beynəlxalq qurumlara, xarici ölkələrin ombudsmanlarına, diaspor təşkilatlarımıza göndərdiyini, habelə silsilə tədbirlər təşkil etdiyini diqqətə çatdırıb.

Qeyd edilməlidir ki, bir müddət əvvəl Azərbaycan həqiqətlərini uşaqların öz müraciətləri ilə dünya ictimaiyyətinə, o cümlədən BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə çatdırmaq məqsədilə uşaqlar arasında kütləvi imzatoplama kampaniyası təşkil edib, “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanmış, imza vərəqələri BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilmiş və bu kampaniyada Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbi yetirmələrinin fəal iştirakı olmuşdur.

Diqqətə çatdırılıb ki, Ombudsmanın elan etdiyi Sülh aylıqları çərçivəsində də ölkəmizə qarşı Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlar verilir. Habelə Müvəkkil Cocuq Mərcanlı kəndinə səfərlər edərək oradakı sakinlərlə, zabit və əsgərlərlə görüşlər keçirir. Liderlik məktəbinin üzvünün lisey yoldaşları ilə birgə “Əsgərə məktub” kampaniyası çərçivəsində bu ön xətdə olan əsgərlərə məktub yazmaları hərbi qulluqçular tərəfindən müsbət qarşılanmışdır.

Ombudsman həmin tədbirdə “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqların inşa müsabiqəsinin qaliblərinə diplomları və mükafatları təqdim edib.  

Eyni zamanda Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, həmçinin Müvəkkilin Ahılların Resurs Mərkəzində də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub. Bu tədbirlərdə Ombudsman təsisatının əməkdaşları, Ahılların Resurs Mərkəzinin nümayəndəsi çıxış edərək faciə haqqında məlumat veriblər. Uşaqlar mövzu ilə bağlı şeirlər söyləyiblər.

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhəri İsmət Qayıbov adına 3 saylı və Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəblərdə, Gənşə şəhərində Xocalı rayonundan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı yeni qəsəbədə yerləşən Xocalı Rayon Kosalar kənd məktəbində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində, Qax rayonu Böyük Alatəmir kəndində, Qəbələ rayonu Zarağan kəndində, Şəki şəhər 5 saylı tam orta məktəbdə və adı çəkilən regional mərkəzin ofisində, habelə Mingəçevir şəhərində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Göyşaban və Bəlləbur kəndlərində, Cəlilabad şəhərindəki Tibb Kollecində, Musiqi-İncəsənət, 2 və 8 saylı tam orta məktəblərində, Quba Regional Mərkəzi tərəfindən isə Xızı rayonun Şuraabad qəsəbəsində, Siyəzən şəhər 3 nömrəli və Quba şəhər 2 nömrəli tam orta məktəblərdə, habelə Qubada yerləşən tarix-diyarşünaslıq muzeyində belə silsilə tədbirlər keçirilib.

Habelə Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirilən paytaxt və regionlardakı məktəblərdə də Xocalı soyqırımına həsr olunmuş tədbirlər təşkil olunub.

Müvəkkilin təşkil etdiyi bütün tədbirlərdə onun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilib. İştirakçılar silsilə tədbirlərin təşkilinə görə Ombudsmanın təşəkkürlərini bildirib, mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar.