5-10 suala cavab verməklə direktor olurlar..." - Nadir İsrafilovdan SƏRT SÖZLƏR
    • 5-07-2023, 16:26
    • 375

5-10 suala cavab verməklə direktor olurlar..." - Nadir İsrafilovdan SƏRT SÖZLƏR

"Namizədin 5-10 suala doğru cavab verməklə direktor olması doğru deyil. Direktor xüsusi bir vəzifədir. Bu məsələdə biz beynəlxalq təcrübəni tam mənimsəməmişik".

Bunu News24.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilovun fikrincə, direktorların işə qəbulu müsabiqəsi təkmil deyil: "Direktorların işə qəbul prosesində əsas problem müsahibə mərhələsində olur. Apellyasiyaya müraciəti edən namizədlərdən uğursuz nəticə yığanlar mövzuya aidiyyəti olmayan sualların tərtib olduğunu iddia edirlər. Ümumiyyətlə, namizədin 5-10 suala doğru cavab verməklə direktor olması doğru deyil. Direktor xüsusi bir vəzifədir. Tək balla kifayətlənmək qəribədir. Direktorun məktəbdə, çalışdığı regionda nüfuzu və praktikası olmalıdır. Amerika psixoloqlarının qənaətinə görə, direktor ən məsul vəzifədir. Məsələn, zavod direktorunun bir, məktəb direktorunun isə üç-dörd müavini olur". 
O qeyd edib ki, əsas üstünlük direktor müavinlərinə verilməlidir: "Məktəbdə əsas işi görən direktor müavinləridir. Direktorlar daha çox tədbirlərdə və digər yerlərdə iştirak edirlər. Dərs cədvəllərinin hazırlanması, tədris planı və proqramın tərtibini direktor müavinləri həyata keçirirlər. Seçim zamanı da direktor müavinlərinə üstünlük verilməlidir. Bu zaman daha obyektiv qiymətləndirməyə şahid olarıq. 

Həmçinin, seçim zamanı məsafə, regional vəziyyət nəzərə alınmalıdır. Bəzən çox uzaq yerlərdən bu vəzifəyə şəxslər təyin olunur, bu, düzgün deyil. Bu nüans müəllimlərdə də eynidir. Şəraitə, mühitə uyğunlaşma prosesi önəmli məsələdir".

Məhərrəm Əliyev