"Azərbaycanın əli güclənir, Ermənistanın kartları bitdi, Rusiya... - ŞƏRH
    • 14-07-2023, 13:26
    • 201

"Azərbaycanın əli güclənir, Ermənistanın kartları bitdi, Rusiya... - ŞƏRH

"Ermənistanı təxribatlar törətməyə məcbur edirlər. Bu da birmənalı şəkildə Rusiyanın siyasətidir. Rusiya bölgədən sıxışdırılıb çıxarılmaq üzrədir. NATO sammitində Ərdoğanın fikrilərinə baxsaq, 2025-ci ilə qədər onlara vaxt verilir. Həmin tarixdən sonra Rusiyanın bölgədə qalması mümkünsüzdür". 

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Türkiyənin Ermənistana 1 ay vaxt verməsi, ABŞ-ın Ermənistana 7 bəndlik göstərişi onu göstərir ki, Türkiyə və ABŞ-ın Qafqaz maraqları Azərbaycanla bağlı üst-üstə düşür: "ABŞ-ın Azərbaycanın maraqlarına uyğun addım atmasında Türkiyənin danılmaz rolu var. Bu, Ərdoğanın yürütdüyü siyasət nəticəsində mümkün oldu. Biz qələbə çalmadığımız müddətcə haqq işimizi ABŞ müdafiə etmirdi. Azərbaycanın əli güclənir, Ermənistanın kartları bitdi, Rusiya bölgədən sıxışdırıldığına görə aqressivləşib. Bu aqressiyanın əvəzini onlar Azərbaycanda qarşıdurma yaratmaqla çıxmaq istəyirlər". 

Politoloqun fikrincə, Xankəndində keçirilən mitinqlərdə mülki paltarda rus əsgərləri iştirak edib: "Həmin mitinqlərdə erməni tipajına uyğun olmayan adamlar var. Hamı bilir ki, ermənilər sarı irqə malik deyillər. Ermənistanın rus əsgərlərinə möhtac olması Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Azərbaycan XİN-də bu məsələni gündəmə gətirdi. Ermənistan artıq özünü heç cür qoruya bilmir, beynəlxalq aləmdən təcrid olmaq üzrədir. Ona görə də çalışırlar ki, heç olmasa Rusiya kimi bir dayağa söykənsinlər. Amma Rusiyanın özünün də dayağa ehtiyacı var. Ona görə də bu cür çıxışları təbii qarşılamaq lazımdır".

Məhərrəm Əliyev