Azərbaycanda vəkillərin sayı əhalinin sayına uyğun gəlmir… Çıxış yolu varmı? - ARAŞDIRMA
    • 20-07-2023, 17:59
    • 307

Azərbaycanda vəkillərin sayı əhalinin sayına uyğun gəlmir… Çıxış yolu varmı? - ARAŞDIRMA

2018-2022-ci illərdə ölkəmizdə vəkilliyə qəbulla bağlı imtahanlarda 1303 nəfər uğur qazanaraq, bu sahədə təlimlərə cəlb olunub. Hazırda isə ölkəmizdə vəkillərin sayı 2323 nəfərdir. 

Bu fikirlər Vəkillər Kollegiyasının sədri Anar Bağırova məxsusdur. 

Bir reallıq da ondan ibarətdir ki, hazırda ölkədə hər 100 min nəfərə 15,7 vəkil düşür. Bu isə 7 milyon insana 453 hüquqşünasın xidmət etdiyi deməkdir. Göstəricini Avropa İttifaqı ölkələri ilə müqayisə edəndə daha ciddi fərq yaranır. 

Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda hər 100 min nəfərə 123 vəkil düşür. Avrozonada isə vəziyyət daha loyaldır. Belə ki, “qoca qitəyə” daxil olan dövlətlərin demək olar ki, hamısında 100 min nəfər əhaliyə 164 hüquqşünas düşür. Üstəlik, adı çəkilən regionda ailə hüquqşünası institutu formalaşıb. Bu təsisatın mahiyyəti ondan ibarətdir ki, hər ailə uyğun bildiyi hüquqşünasla müqavilə bağlayır və beləliklə, hüquqşünas ailəni istər mülki, istərsə də, cinayət işləri üzrə məhkəmə proseslərində təmsil edir. Bir ailənin hüquqşünası eyni zamanda bir neçə ailə ilə də çalışır və bununla əlavə qazanc əldə edir. 

Yuxarıda açıqlanan göstəriciyə görə, Azərbaycan Avropa ölkələri arasında təəssüf ki, sonuncudur. 

Problemin aktuallığını ötən həftə parlamentin müzakirəzsinə çıxarılmasından da müəyyən etmək mümkündür. Dinləmələrdə Milli Məclisin üzvü Fazil Mustafa vəkil çatışmazlığının bölgələrdə daha kəskin xarakter aldığını bildirib. O, buna səbəb kimi test mərhələsindən keçən namizədlər üçün 3 illik iş təcrübəsi tələbinin qoyulmasını göstərib. 

Bir sıra hüquqşünaslar bu sahədəki problemlərin həll yolunu məhkəmə-hüquq sistemindəki zəruri islahatlarda görür. Digər tərəfdən onlar hesab edir ki, əksər idarə və müəssisələrdə hüquq şöbələrinin ləğvi bu sahədəki problem daha da dərinləşdirib. 
Hüquq sahəsi üzrə ekspertlərin çoxu da düşünür ki, 2018-ci ildə nümayəndəlik institutunun ləğvi, eləcə də ölkədəki məşğulluq problemi vəkillik fəaliyyətinə mənfi təsir edib. 

News24.az ilə fikirlərini bölüşən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də hüquqşünas sayındakı azlığın ciddi problem olduğu qənaətindədir. O, bu məsələnin keyfiyyətli hüquqi yardım sahəsində yaratdığı çətinlikləri diqqətə çəkib:

 “Azərbaycanda hər yüz min nəfərə düşən vəkil sayı kifayət deyil. Qeyd olunan nəticə də son illərin nailiyyətidir. Əvvəllər bu göstərici daha da aşağı idi. Bunun sayəsində ölkədə keyfiyyətli hüquqi yardım almaq imkanı xəyali bir prosesə çevrilmişdi. Vəkil sayının azlığı hüquq və azadlıqların müdafiəsində çətinlik yaradır, eyni zamanda sui-istifadə hallarına səbəb olur. 

Son illərdə ölkəmizdə vəkillik institutunun inkişafı üzrə əhəmiyyətli işlər görülsə də, səslənən bir sıra təkliflərin nəzərə alınması da məqsədəuyğun olardı. Məsələn, hüquq sahəsində təhsilin səviyyəsi artırılmalıdır. Vəkil sayının azlığı diqqətlə araşdırılmalı və bu problem beynəlxalq təcrübəyə əsaslanaraq aradan qaldırılmalıdır. Təklif edirəm ki, yaxın gələcəkdə Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun layihəsi qəbul edilsin. Bu məsələ konstitusiyada keyfiyyətli hüquqi yardımla bağlı əks olunan müddəanın icrasına daha güclü zəmin yaradacaq”.

Avropa Komissiyasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir. 

Hüquqşünas Roman Qaraşov hesab edir ki, ilk növbədə hüquq sahəsi üzrə təhsildə bir sıra islahatlar aparılması zəruridir:

“Abituriyentlərin bu ixtisaslara aşağı ballarla və ya limitsiz qəbulunu doğru saymıram. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin bu ixtisasa qəbul həyata keçirərkən qəbul sayına limit tətbiq etməsi təqdirəlayiq hal olardı. Son statistikaya rəğmən deyim ki, gənclərin bu ixtisasdan uzaq düşməsi ilə bağlı fikirlərlə razı deyiləm. Məncə, kifayət qədər maraq var. Hər bir halda vətəndaşların zəruri olan hallarda hüquqşünas tapa bilməməsi də doğru tendensiya sayıla bilməz. Ölkəmizdə bu sahədə qanunvericilik 2000-ci ildən formalaşıb. Üstəlik xaricdə təhsil alıb Azərbaycanda hüquqi yardım fəaliyyəti ilə məşğul olan gənclərimiz var. İstənilən ixtisasda olduğu kimi, hüquq sahəsində də meyarlar tələb və təklif əsasında formalaşır. Hüquqşünasların əmək bazarında daha asan iş tapdığını da deyə bilərəm”.

Milli Məclisin üzvü Rüfət Quliyev isə sözügedən ixtisasa marağın azalmasını daha az gəlirlilik səviyyəsi ilə əlaqələndirir. Hesab edir ki, vəkillik institutunun fəaliyyəti daha da təkmilləşdirilməli, hüquqşünasların sayı o səviyyədə artırılmalıdır ki, əhali hüquqi yardım almaqda çətinlik çəkməsin: “Burada daha bir amil isə vəkillik fəaliyyətindən əldə olunan gəlirin azlığı ilə bağlıdır. Məsələn, ABŞ-da vəkil bir saatlıq iş üçün 1000 dollar qazanır. Böyük korporasiyalarda onların illik qazancı 500 min dollardan 800 min dollaradək təşkil edir. Bu müddətdə Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyi kifayət qədər innovativ siyasət həyata keçirib. Vəkilliyə qəbul üçün keçirilən imtahanlar gənclərimizdən yüksək savad tələb edir. Əlbəttə ki, ölkədə vəkillərin sayının artmasına ehtiyac var. Mən onları həkimlərlə müqayisə edərdim. Düşünürəm ki, ölkəmizdə vəkillərin sayı ilə bağlı statistikanın Avropa ölkələrinə uyğunlaşmasına zaman lazımdır. Xüsusən də qarşıdakı dövrdə vəkillərin sayı əhəmiyyətli səviyyədə artacaq. Buna böyük ehtiyac var. Hazırda isə Azərbaycanda ədalət mühakiməsinin təmin olunması istiqamətində kifayət qədər işlər görülür”.


Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələ ilə bağlı açıqlama vermək istəməsə də, şifahi olaraq bildirdi ki, ölkəmizdə vəkillərin sayının azlığı ilə bağlı iddialarla qətiyyən razılaşmır.

Fərid Azəri