"Tələbə kreditləri risklidir" - Ekspert
    • 21-07-2023, 17:00
    • 345

"Tələbə kreditləri risklidir" - Ekspert

“Təhsil Tələbə Krediti Fondunun müsbət tərəfləri ilə yanaşı riskləri də var. 

"Bir sıra ölkələrdə götürülən vəsaitlərin geri qaytarılmasında problemlər yaşanır. Tələbə təhsil krediti ümumiyyətlə, dünyada həssas yanaşılan bir məsələdir. Azərbaycanda bu sistem hələ tam formalaşmayıb, inkişaf mərhələsindədir. İstər sosial kredit, istərsə də adi təhsil kreditinin geri qaytarılmasında müəyyən qaydalar mövcuddur. Bunlar dünya standartlarına uyğundur. Lakin gələcəkdə borcların geri qaytarılması məsələsi bir qədər risklidir. İndi kredit alan tələbələr bu sahədə müəyyən problemlər yaşaya bilərlər. Bunun da müxtəlif səbəbləri var. Problemin əsas qaynağı odur ki, əhalinin gəlirləri aşağı səviyyədədir. Bu da birbaşa istehsalatla, sahibkarlıq fəaliyyətinin səviyyəsi və əmək bazarının formalaşması ilə əlaqəlidir. Bu amillər vətəndaşalrın maddi məsuliyyətlərinin yerinə yetirilməsində əsas rol oynayır. Bu gün ölkədə işsizliyin dərəcəsi yüksəkdir".

Bu sözləri News24.az-a açıqlamasına iqtisadçı Akif Nəsirli deyib.

O bildirib ki, hazırda ali təhsilini başa vurub iş axtaran 10 minlərlə gənc mütəxəssis var. 

"Azərbaycanda Avropa ölkələrinə nisbətən dövlət qulluğunda işə meyllilik böyükdür. Bu da sadaladığım amillərin təsiri altında formalaşır. İndi ölkəmizdə dövlət qulluğuna qəbul üçün az qala insanlardan alimlik dərəcəsində bilik tələb olunur. Gənc mütəxəssislərin qarşısına əhəmiyyətsiz baryerlər qoyurlar. Onlar baryerləri aşıb iş tapmaqda çətinlik çəkirlər. Özəl sektorda da əngəlləri var.  Özəl sektorların irəliləməsinə şərait yoxdursa, işsizlik aradan qalxmayacaq. Bu halda da kredit hesabına təhsil alan tələbə ödənişi geri qaytarmaqda çətinlik çəkəcək. 500-600 manat əməkhaqqı alan vətəndaş krediti necə ödəsin? Bu sahədə kredit siyasətinin konturları dəqiq və ciddi cızılmasa, gələcək üçün başqa bir problemin əsası qoyula bilər. İnkişaf etmiş ölkələrdə belə bu mexanizmlə oxuyan tələbələrin xeyli hissəsi sonra kreditlərini qaytara bilmir”, - deyə iqtisadçı yekunlaşdırıb.  

Arzu