Ucuz dondurmalar təhlükəlidirmi? - VİDEO
    • 21-07-2023, 18:10
    • 168

Ucuz dondurmalar təhlükəlidirmi? - VİDEO

Dondurma –insanların qida rasionunda əvəzolunmaz təamlardadır. Xüsusən də, yay aylarında dondurmalara təlabat daha çox artır.  Həm büdcəyə həm də çeşidlərin fərqliliyinə görə insanlar ucuz, yəni topdansatış mağazalarına üz tutur. Bəs, ucuz dondurmalar sağlamlığımız üçün təhlükəlidirmi? 

Bu və digər məqamları öyrənmək üçün biz də paytaxtdakı topdansatış dondurma mağazalarından birinə baş çəkdik. 

Çəkliş zamanı mağazanın sahibi mikrofonumuza danışmaqdan imtina etsə də, dondurmaların Rusiya, Türkiyə, Qazaxstan və yerli istehsal olduğunu bildirib. Qiymətlərin ucuz olmasına gəlincə, məhsulun topdansatış və mağazanın icarə pulunun yüksək olmaması ilə əlaqələndirdi.

Sahibkar bildirib ki, məhsulu gətirməzdən əvvəl mütləq Qida Təhlükəsizliyi Agentliyindən müvafiq sənəd alınmalıdır: “Bu sənəd üçün gömrükdə 2 gün gözləyirik.  AQTA-nın sənədini alıb, sonra məhsulu ölkəyə buraxırlar”. 

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirdilər ki, məhsul ölkəyə daxil olmadan Gömrük nəzarət məntəqəsində gözlədilir. Agentliyin nümayəndələri tərəfindən məhsuldan nümunələr götürülərək laboratoriyalara təqdim olunur. Əgər hər hansı bir nöqsan aşkarlanmırsa məhsulların ölkəyə girişinə icazə verilir. Əgər hər hansı bir nöqsan aşkarlanarsa o zaman məhsullar geri qaytarılır.

Agentliyinin mətbuat katibi İlkin Kərimov News24.az- a həmçinin yerli istehsalla bağlı da açıqlama verib.

Bildirib ki,  “AQTA tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılması üçün müvafiq laboratoriyaya təqdim olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 17-də uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq tapılıb. Qeyd edilən müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb”.

Qeyd edək ki, dondurmalarla bağlı hər hansı şikayət olarsa, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng edin. 

Müxbir: Ayfər Nizaməddinqızı
Video: Nicat Niftəliyev