Rusiya sazişdən çıxdı: Taxıl nə qədər BAHALAŞACAQ?
    • 28-07-2023, 18:27
    • 722

Rusiya sazişdən çıxdı: Taxıl nə qədər BAHALAŞACAQ?

Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşas deyib ki, Rusiyanın taxıl sazişindən çıxması taxılın dünya qiymətinin 10-15% artmasına səbəb ola bilər. 

“Biz hələ də hara enəcəyimizi qiymətləndiririk, lakin haradasa taxılın qiymətinin 10-15% artımı ağlabatan hesablamadır.” - Qurinşas bildirib.

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, “taxıl dəhlizi”nin bağlanması səbəbindən artıq taxılın qiyməti artmağa başlayıb. 

“Bu, birjalarda reallıqdır. Ukrayna taxılı dünya bazarının 7-8 faizini təşkil edir. Dəhlizin bağlanması məhsulun dünya bazarına çıxarılmaması anlamına gəlmir. Çünki Polşa və Rumıniya üzərindən də taxılı Avropaya çatdırmaq mümkündür. Burada müəyyən çətinliklər var. Polşa, Avstriya və Rumıniya fermerləri şikayət edirlər, çünki Ukrayna taxılının Avropaya daşınması səbəbindən onlar öz məhsullarını sata bilmirlər”. 

Ekspert digər bir problemin daşınma ilə bağlı olduğunu söylədi:

“Dünyada dəmir yolu relslərinin ölçüləri fərqlidir. SSRİ standartında olanlar böyük, dünya standartlarında isə kiçikdir. Ona görə də, taxılın istənilən həcmdə ötürülməsi imkanları məhdudlaşır. Azərbaycan da İranla ticarət zamanı bu problemdən əziyyət çəkir”. 



İqtisadçı hesab edir ki, taxılın qiyməti 2020-ci ildən başlayaraq qalxdığı kimi ajiotaja səbəb olacaq qədər dəyişməyəcək:

“Ukrayna taxılının bir hissəsi dünya bazarına çıxacaq. Digər bir məqam isə ABŞ-da və Rusiyada da bu il məhsuldarlığın çox olmasıdır. Həmçinin Rusiya bu il taxılın ixrac rüsumunu aşağı saldı. Yəni bütün bu məsələlər taxılın qiymətinin daha sürətlə artmasının qarşısını alacaq. Eyni zamanda bu artıma qədər müəyyən azalmalar var idi. Lakin biz bunun təsirini bazarda hiss etməmişdik”. 

X.Kərimlinin fikrincə, un və çörəyin qiymətində ucuzlaşma gözlənilirdi. Lakin dəhlizin bağlanması ilə bu gözləntilər arxa plana keçdi:

“Yəqin ki, taxılın qiyməti 10-15 faiz bahalaşıb, daha sonra 5-10 faiz arasında stabilləşəcək. Digər bir məsələ düyü ilə bağlıdır ki, onun da qiyməti artacaq. Dünya düyü bazarının 40 faizi Hindistanın payına düşür. Dehli artıq mövcud ixracatın yarısını aşağı salır. Düyü, buğda və qarğıdalı qiymətləri bir-birinə həssasdır. Yəni düyünün qiymətinin artması buğdaya da təsir edir. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, buğda 10 faizdən çox bahalaşmayacaq”.

Akqabay Mıradov