"Separatçı rejim tam ləğv olunmasa danışıqlar bir qədər uzaq görünür"
    • 4-08-2023, 18:23
    • 259

"Separatçı rejim tam ləğv olunmasa danışıqlar bir qədər uzaq görünür"

Erməni mediası son günlər məlumat yayıb ki, Xankəndidəki separatçılar Azərbaycanın tələbləri ilə razılaşmaq barədə düşünürlər. “Hraparak” nəşrində dərc edilən məqalədə vurğulanır ki, qondarma rejimin “başçısı” Araik Arutyunyan yaxın günlərdə müzakirələr aparmaq və qərarlar qəbul etmək üçün yeni “qurum” yaradacaq. O, həmçinin reallıqlar barədə danışmaq üçün brifinq keçirəcək. Bəziləri bu bəyanatı və “hakimiyyətin” son addımlarını Azərbaycanla danışıqlara getmək və tələbləri qəbul etməyə hazırlıq kimi qəbul edir.

Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Azərbaycan danışıqlar masasında Araiki istəməyəcək. Bunun bir neçə səbəbləri var:

“Separatçıların “başçısı” belə bir önləyici addımlar atır. Birinci hədəf odur ki, onlar  ictimaiyyətə "Biz dialoqa hazırıq, amma Azərbaycan tərəfi bunu qəbul etmir" kimi mesajlar ötürərək beynəlxalq rəyi Azərbaycanın əleyhinə formalaşdırmağa çalışırlar.

Faktiki olaraq, Azərbaycan dövləti tərəfindən ağır maddələrlə Araik Arutunyan barəsində cinayət işi açılaraq beynəlxalq axtarışa verildiyi üçü o, danışıqlarda iştirak edə bilməz.  

Əsas məsələ isə, Azərbaycanın separatçılarla danışıqlar aparması, faktiki olaraq onların tərəf kimi qəbul edilməsi deməkdir. Bu isə onların mövqeyinin möhkəmlənməsinə səbəb olur.

Ona görə də belə bir informasiya yayılıb ki, Amerika son bir  neçə gündür Avropa ölkələrindən birində görüşlərin keçirilməsi ilə bağlı təklıifləri gündəmə gətirir. Bu təklifi Araik dərhal qəbul edib. Çünki üçüncü bir ölkənin dəstəyi ilə dialoqa başlamaq separatçı rejimin tərəf kimi qəbul edilməsi deməkdir. Hüquqi baxımdan olmasa belə, de-fakto belə qəbul edilir. Eyni zamanda bu, separatçıların erməni əhalisi üzərində təsirlərinin güclənməsi kimi də anlaşılır”. 


Onun sözlərinə görə, Azərbaycanın gündəliyi bəllidir :"Erməni nümayəndələrlə ilə Azərbaycanın daxilində danışıqlar aparmaq. Burada Yevlax məsələsi də məhz bu səbəbdən gündəmə gətirildi. Lakin görüşüləcək şəxs nə Araik, nə də indiki separatçı rejimin nümayəndələri olacaq. Araik və digərləri haqqında cinayət işi var. Zənnimcə, orada müəyyən müddət rəhbərlik etmiş bəzi nüfuzlu şəxslər iştirak edə bilər. Bu, Samvel Babayan da olmayacaq, çünki o da Azərbaycan tərəfindən beynəlxalq axtarışda olan şəxslər sırasındadır. Separatçı rejimin tam ləğv olunmadığı halda danışıqlar məsələsi bir qədər uzaq görünür”.
 
A.Nərimanlı qeyd etdi ki, separatçılar Qərbin dəstəyi ilə ölkəmizə qarşı təzyiq göstəyməyə çalışsalar da, beynəlxalq  platformada Azərbaycanın mövqeyi qəbul olundu. 

“Daha sonra Rusiyaya müraciət etməyə başladılar. Hətta rəsmi mənbələrdə Araikin Vladimir Putinə məktub ünvanlaması da qeyd olunur. Onlar can atırdılar ki, öz müqəddaratını təyinetmə məsələsi tanınsın yaxud da yerli idarəetmədə etmədə iştirak etsinlər. Amma xarici işlər nazirlərinin Moskvada keçirilən sonuncu üçtərəfli görüşündən sonra Lavrovun açıqlamaları göstərir ki, artıq Azərbaycanın gündəliyi tam qəbul edilib. Lavrov da bildirdi ki, erməni əhalisinin gələcəyi Azərbaycan qanunvericiliyi əsasında olmalıdır.  Bu, Xankəndi, o cümlədən rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan qanunvericiliyinin tanınması deməkdir. Separatçıların bütün yolları tükənib. Burada həm Ermənistanın, həm də Rusiyanın mövqeyi bəllidir”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırdı. 

Arzu