Separatçıların növbəti tələbi: sülhməramlılar bölgədən çıxır?
    • 19-07-2023, 18:33
    • 252

Separatçıların növbəti tələbi: sülhməramlılar bölgədən çıxır?

Ermənistan mediasının yaydığı məlumata görə, separatçıların Xanəndidə başlatdığı “oturaq aksiya”nın növbəti tələbi kimi rus sülhməramlıların Qarabağdan çıxarılması ola bilər.

Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu, praktiki olaraq baş verə bilməz. 

“Separatçılar hazırda çıxılmaz vəziyyətdədirlər və çıxış yolu axtarırlar. Onlar düşdükləri situasiyaya görə, rus sülhməramlılarını günahlandırırlar. Seperatçıların növbəti tələbi şantaj xarakteri daşıyır. Laçın-Xankəndi yolunda baş vermis aksiyadan tutmuş, sərhəd-buraxılış-məntəqəsinin qurulması daha sonra isə erməni təxribatlarına görə postun bağlanmasının səbəbini sülhməramlılarda görürlər. Separatçılar və Ermənistan bunu fəaliyyətsizlik kimi tanıyır. Hazırki vəziyyətdə onların istəyi bu tip fikirlər səsləndirməklə sülhməramlıları bölgədən çıxarmaq ola bilər. Paşinyanın burada marağı budur ki, başverənləri Rusiyanın üzərinə atır. Bununla da Rusiyanı Azərbaycana qarşı addım atmağa və təzyiq göstərməyə sövq edir. Belə təşviq oyunları qururlar, siyasi manevrlər edirlər. Onlar hesab edirlər ki, sülhməramlılar onları qoruya bilmir ona görə də qoruya biləcək sülhməramlılar gəlməlidir. Bu, ümumi təbliğat kimi görünsə də, Ermənistanın əvvəldən apardığı siyasi xəttin davamı kimi görünür”, -ekspert qeyd edib. 



A.Nərimanlı hesab edir ki, separatçıların tələbi bölgəyə beynəlxalq müşahidəçilərin gəlməsi ilə nəticələnməyəcək. 

“Paşinyan dəfələrlə bildirib ki, sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlərsə, bölgəyə başqa müşahidəçilər gəlməlidir. O bunu deməkdə xüsusən Fransanı nəzərdə tutur. Azərbaycanın icazəsi olmadan bölgəyə heç bir müşahidəçi yerləşdirilə bilməz. Prosses tədricən irəliləyir. Ermənilərin Azərbaycana reinteqrasiyasının edilməsi, ərzaqların Ağdam marşrutu vasitəsilə göndərilməsi və silahlıların ləğv edilməsi kimi Azərbaycanın tələbləri var. Bunun tədricən icra edilməsi yaxınlaşır”, - deyə o, yekunlaşdırıb.

Arzu