Yarım milyondan çox vəsaiti mənimsəyən QHT sədri hakim QARŞISINDA
    • 14-08-2023, 15:09
    • 202

Yarım milyondan çox vəsaiti mənimsəyən QHT sədri hakim QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri"Qayıdış"ictimai birliyinin sədri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
News24.az-ın məlumatına görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ictimai birliyin  icraçı direktoru Nahid Şükürov ifadə verib. O bildirib ki, C. Fərzəliyev təşkilata layihələrin icrası üçün ayrılmış pulu mənimsəyib qaçıb:

"2020-ci ildən həmin təşkilatda işləmişəm. Cəbrayıl təşkilatın rəhbəri idi. 2022-ci il mart ayına qədər təşkilatda heç bir problem olmayıb. Maaşlar vaxtında verilirdi. Mart ayında 3 layihə həyata keçirdik. Martın sonunda maaşlar gecikdi. Cəbrayılla əlaqə saxlaya bilmədik. Gənclər Fonduna müraciət edəndə bildirdilər ki Cəbrayıl fonda daxil olan maliyyə vəsaitini mənimsəyib ölkədən gedib. Bir müddətdən sonra Cəbrayıl dedi ki sizin əmək haqlarını ödəyəcəm. Amma sonradan yenidən yoxa çıxdı və əmək haqlarımız ödənilmədi. Bundan başqa Zəngilan rayonuna qayıdışla bağlı film çəkməli idik. Maliyyə vəsaiti mənimsənildiyi üçün film də çəkilmədi".
 
Proses sentyabrın 11-də davam etdiriləcək. 

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cəbrail Fərzəliyev həmçinin politoloq kimi fəaliyyət göstərib.

2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Samir Əli