""Soros"un postsovet ölkələrinə yeni müdaxilələri gözləniləndir" - POLİTOLOQ
    • 16-08-2023, 13:11
    • 340

""Soros"un postsovet ölkələrinə yeni müdaxilələri gözləniləndir" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, milyarder Soros Fondu (Açıq Cəmiyyət İnstitutu qeyri-hökumət təşkilatı) Avropa İttifaqındakı fəaliyyətini dayandırır. Fondun yaydığı məlumata əsasən, 2018-ci ildə Budapeştdəki biznes strukturlarını Berlinə transfer edən C. Soros bundan sonra planetin digər nöqtələrindəki demokratik prosesləri maliyyələşdirəcək. 

“Soros Fondunun növbəti hədəfi Afrika regionu ölkələridir”. 

News24.az xəbər verir ki, bu fikirləri mövzulyla bağlı RTV-yə danışarkən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. 

O hesab edir ki, ittifaqdaxili layihələrə diqqətin azalması da fondun yeni məqsədləri ilə əlaqədardır. 


Həmsöhbətimizin qənaətincə, Afrikadakı proseslərdə gözlənilən fəallaşmanın yeganə səbəbi Qərbin bu region nəzarətdə saxlamaq istəyidir. Digər tərəfdən, postsovet məkanı da daim sözü gedən strukturun hədəfində olub. Bu məsələyə gəlincə, politoloq vurğulayıb ki, Avropanı tərk edən “sorosçular” keçmiş SSRİ dövlətlərinə də müdaxilə edə bilər.

E. Mirzəbəyli Corc Sorosun potensial hədəfindəki regionlardan da danışıb:

“Əslində Avrozonada Soros Fondunun görəcəyi bir iş yoxdur. Prinsip etibarı ilə onlar bu missiyanı onsuz da həmin regiondan kənarda həyata keçirir, Avropa İttifaqı çərçivəsində isə Şərqi Avropanın müəyyən dövlətləri ilə bağlı proseslərə vəsait ayırırdılar. Biz daha sonra prosesin postsovet məkanına daşındığının şahidi olduq. Ukraynada baş verən hadisələr hər kəsin xatirindədir. Ondan öncə Gürcüstandakı “rəngli inqilab” ssenarilərinin, daha sonra bu prosesin Mərkəzi Asiya ölkələrinə ötürülməsi cəhdlərinin şahidi olduq. Qənaətimə görə indiki halda Soros Fondunun hədəfində daha çox Afrika var. Çünki hazırda Qərbin Afrikadan əli üzülməkdədir. Həm də postsovet məkanına da müəyyən müdaxilələrin ola biləcəyini gözləmək mümkündür. Bununla yanaşı, həm Ön Asiya, həm də Mərkəzi Asiyaya istiqamətlənəcəyi gözlənilir”.

Fərid Azəri