"Fransa işğal zamanı ərazilərimizdən ciddi vəsaitlər əldə edirdi" - DEPUTAT
    • 30-08-2023, 15:30
    • 252

"Fransa işğal zamanı ərazilərimizdən ciddi vəsaitlər əldə edirdi" - DEPUTAT

“Fransa istər Azərbaycanın torpaqları işğal altında olduğu dönəmdə, istərsə də qələbədən sonra daima Ermənistanın havadarı olaraq ölkəmizə qarşı addımlar atır. Çalışır ki, nə bahasına olursa, olsun regionda öz mövqeyini, nüfuzunu saxlasın. Bunun üçün Ermənistandan istifadə edir”.

Bu sözləri News24.az-a açıqlamasında deputat Arzu Nağıyev Paris merinin Qarabağa humanitar yardım şousunu şərh edərkən deyib. 

A.Nağıyev qeyd edib ki, Fransa işğal zamanı iqtisadi və siyasi cəhətdən ərazilərimizdən yararlanır, ciddi vəsaitlər əldə edirdi.

“Bu gün isə artıq bunlar əldən çıxıb. Digər məsələ isə, güya Türkiyəyə alternativ yaratmağa çalışırlar. Vaxtilə türklər tərəfindən məğlubiyyətə uğramış Fransa hərbi və siyasi baxımdan sanki rəqabət aparır. Fransanın bu addımı eyni zamanda Rusiyanı regiondan çıxarmaq məqsədi daşıyır.  Ermənistandan vasitə kimi istifafə edərək "humanitar yardım" və başqa addımlarla buna nail olmağa cəhd edir. ATƏT MİNSK qrupunun həmsədri kimi çıxış edən Fransa heç bir addım atmadı, deklarativ bəyanatlardan o tərəfə keçmədi. Hər zaman ermənilərin işğalçılıq siyasətini dəstəklədi. Bu gün də "humanitar aksiya"ya çevrilmiş siyasi şouya qoşulur. Və Qarabağdakı ermənilərə TIR-lar göndərir.  İstədiyi addımı atsın. Bizim suveren ərazimiz və qanunlarımız var”.

Deputat hesab edir ki, Fransanın bu addımı birmənalı olaraq sülhün bərqərar olmasına zərbədir: 

“Sülh müqaviləsinin imzalanmasını uzadır. Cənubi Qafqazda heç bir dövlətə xeyri yoxdur. Ona görə də onlar atdığı hər addıma görə, mütləq şəkildə düşünməli və izah verməlidirlər. Əsasən belə addımları atanlar ermənipərəsət qüvvələr, lobbiçilik siyasətini həyata keçirən və Fransa parlamentində təmsil olunan qüvvələrdir.

Bu gün artıq Azərbaycanın ərazi bütövlüyü bərqərar olub. Laçın sərhəd-keçid məntəqəsi fəaliyyətə başladıqdan sonra da bu məsələyə nöqtə qoyulub. Fransanın Azərbaycana qarşı qətnamənin qəbul ediıməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək istəyi də fayda verməyəcək. Çünki bundan öncə də Ermənistan belə bir təkliflə çıxış etdi. Lakin beynəlxalq rəy də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Fransa dərk etməlidir ki, Azərbaycan torpaqlarında Azərbaycan qanunları keçir”.

 

Ayşən Rəhim