İran Ermənistana qarşı siyasətini dəyişəcək? - ŞƏRH
    • 11-09-2023, 19:41
    • 396

İran Ermənistana qarşı siyasətini dəyişəcək? - ŞƏRH

Ermənistan ABŞ ilə birlikdə "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri keçirəcək. 11-20 sentyabrda keçiriləcək təlimdə ABŞ tərəfdən 85, Ermənistan tərəfdən 175 hərbçi iştirak edəcək. Məlumata görə, təlimdə iştiak edəcək amerikalı hərbçilər Kanzas Milli Qvardiyasının üzvləri olacaq və ağır silahlardan istifadə etməyəcək. Rəsmi İrəvan təlimlərin məqsədinin hərbçilərin beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazırlamaq olduğunu bildirib. 

Ermənistanın bu addımı "qardaş" dediyi İranı pəjmürdə edib. Sözügedən ölkənin Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib ki, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti gərginləşdirir...

Rəisi Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. İran tərəfi regiona Qərbin cəlb olunmasından narahatdır. 

Hər zaman Ermənistan tərəfdən çıxış edən molla rejimi indi öz maraqları ilə toqquşduğu üçün Ermənistana xəbərdarlıq edib. 

Maraqlıdır, bütün bu baş verənlər fonunda İran Ermənistana qarşı siyasətini dəyişə bilər?

Mövzu ilə bağlı News24.az-a siyasi şərhçi Cəmaləddin Quliyev münasibət bildirib.

O hesab edir ki, bu fikirləri Ermənistanın ABŞ-la təlim keçməsi, Fransa və Avropa İttifaqını bölgəyə cəlb etmək təşəbbüsləri, eləcə də baş nazirin xanımı Anna Akopyanın Kiyevə səfərinə verilmiş reaksiya, rəsmən anlaşılmazlıq ifadə edilməsi kimi oxumaq olardı.

“Bu ehtimalı gücləndirən arqumentlər odur ki, son 3 gün ərzində İran KİV-lərində dərc olunmuş çoxsaylı ekspert rəylərində həm sözügüdən səfər, həm ABŞ-la birgə hərbi təlimlər Ermənistanın strateji müttəfiqlərə, xüsusən Rüsiyaya münasibətdə böyük səhvi, bəzən də xəyanəti kimi dəyərləndirilir. Bunun İrəvan ziyan gətirəcəyi qeyd olunur. Amma iş ondadır ki, görüş haqda xəbəri təqdim edən İran KİV-ləri bunu bizim oxuduğumuz və ya oxumaq istədiyimiz kimi təqdim etmirlər, əksinə demək olar ki, hamısı xəbəri Bakıya sərt xəbərdarlıq qeydi ilə paylaşırlar”.

C.Quliyevin sözlərinə görə, İrandan müsbət mesajlar da alınır: “Xüsusən iqtisadi əməkdaşlığın qorunub genişləndirilməsi yönündə təşəbbüslər

təqdirəlayiqdir. İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin təşəbbüsü ələ alaraq gərginliyi azaltmaq üçün verdiyi açıqlamalar müsbətdir. Hərçəndə bu təşəbbüslər hələ ki SEPAH-ın , onun nəzarətində olan medianın mövqeyində ciddi  dəyişikliyə səbəb olmayıb. Son günlər yeni eskalasiya halında II Qarabağ müharibəsi zamanı buraxılmış səhvi təkrarlamamaq, yəni neytral qalmayıb, açıq şəkildə Ermənsitana dəstək vermək barədə çağırışlar, bu çağırışları əsaslandıran təhlil və rəylər hədsiz dərəcədə çoxdur. Mən nikbin olmaq, sonda İranın Zəngəzur dəhlizi fobiyasından da qurtulacağına, Azərbaycanın təklif etdiyi layihələrin bütün region ölkələrinə, o cümlədən bu ölkə üçün faydalı olacağını qəbul edəcəklərinə, əksinə Ermənistanın təşəbbüslərinin Tehrana heç bir fayda vermədiyini anlayacaqlarına inanmaq istərdim. Hələlik bu nikbinlik üçün əsaslar çox azdır”. 

Siyasi ekspert Məhsa Mehdili qeyd edib ki, məsələ ilə bağlı bir neçə faktor çox önəmlidir: “Birincisi, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri Ermənistanın Rusiya-Ukrayna münaqişəsində Ukraynaya dəstək çıxması və Rusiyaya qarşı mövqe göstərməsidir. Paşinyan daima qərbyönümlü siyasət yürütməyə çalışır.

ABŞ və Ermənistanın birgə həyata keçirəcəyi hərbi təlimlər artıq İranı narahat etməyə çalışır. İran indiyə qədər Ermənistana dəstək olurdu, onun üçün "nəfəs borusu" rolunu oynayırdı. Zənnimcə, bundan sonra da belə olacaq”.

Ekspertin fikrincə, Ermənistan gördü ki, İran hər zaman hədəflərinə görə Azərbaycana təzyiq göstərmək üçün birmənalı şəkildə Qarabağın işğal problemindən istifadə edib.

“Bir tərəfdə Avropa və Amerika, digər tərəfdə isə İran. Ermənistanın ağlı olsa, birinci variantı seçər və bundan sonrakı siyasətində İrandan qopa bilər. İkinci Qarabağ müharibəsinin əsas itirənlərdən biri illərdir ki, İran-Ermənistan münasibətlərinə yatırım edən  Ermənistanın strateji müttəfiqi öz deyimləri ilə qardaşı, dostu olan Tehran olub. İkinci Qarabağ savaşından sonra Tehranın İrəvanla dostluq Azərbaycana qarşı isə düşmənçilik siyasətinin nəticələri İranın əleyhinə oldu. Çünki o, Cənubi Qafqazda məğlubiyyət ilə üzləşdi Cənubi Azərbaycanlıların da molla rejiminə qarşı etiraz səsləri daha da yüksəldi. İran bir neçə cəbhədə itirdi”, - o deyib.

M.Mehdilinin sözlərinə görə, Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi İranın qıcığına səbəb oldu.

“İran tərəfi xüsusilə Azərbaycanın qalibiyyətini həzm edə bilmədi. Hazırda Ermənistanın müttəfiqi Rusiya ilə münasibətləri gərginləşməkdədir

Bu günə qədər Zəngəzur dəhlizinin açılmasına  qarşı ən aqressiv mövqe sərgiləyən , Azərbaycanın qalibiyyətindən sonra siyasi hücumlar göstərən molla rejimi məncə, bundan sonra Azərbaycanın qapısına gələcək”,- deyə ekspert fikrini yekunlaşdırıb.

Ayşən Rəhim