"Paşinyanı çox ağır günlər gözləyir" - Siyasi ekspert
    • 14-09-2023, 18:02
    • 231

"Paşinyanı çox ağır günlər gözləyir" - Siyasi ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində Rusiyanı işğalçı ölkə adlandırıb. Eyni zamanda İrəvanın daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməyəcəyini bəyan etdi. Həmçinin Paşinyan hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirdi.

Mövzu ilə bağlı News24.az-a danışan siyasi ekspert Abutalıb Səmədov bildirdi ki, Paşinyan son müsahibələrində verdiyi bəyanatlarla Ermənistanla Rusiya arasında mövcud olan körpülərin demək olar ki, hamısını yandırdı:

“Bundan başqa, Roma Statutunun təsdiq olunmaq üçün parlamentə göndərilməsi Rusiyanı kifayət qədər hiddətləndirdi. Anna Akopyanın Ukraynaya getməsi və humanitar yardım aparması, parlament sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı katibə adlandırması, Paşinyanın son dərəcə kəskin bəyanatlar verərək Rusiyanı özündən uzaqlaşdırması təbii ki, nəticəsiz qala bilməz”. 

A. Səmədov bildirib ki, Rusiya hakimiyyəti Ermənistanı və Paşinyanı cəzalandırmaq üçün əlindən gələni edəcək:

“İlk növbədə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərəcəklər. Vladimir Putinin Vladivostokdakı forumda səsləndirdiyi bəyanat da məhz bu məqsədə xidmət edir. Rusiya artıq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmaq planının startını Vladivostokda Putinin bəyanatı ilə vermiş oldu. Həmin forumda Putin iddia etdi ki, Ermənistanın bu gün üzləşdiyi durum Paşinyanın Praqa sammitində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması ilə əlaqədardır. Məhz bu səbəbdən həm Ermənistanda, həm Laçın dəhlizində, həm də Qarabağda son dərəcə ağır vəziyyət yaranıb və hamısının günahkarı Paşinyandır. Bundan sonra şübhə yoxdur ki, Ermənistan ərazisindəki rusiyapərəst qüvvələr daha da fəallaşacaqlar və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün əllərindən gələni edəcəklər.

Bunun qarşısını almaq üçün ABŞ Paşinyana kömək göstərməyə çalışacaq və 44 günlük müharibədən sonra onu necə hakimiyyətdə saxladısa, yəqin ki, bu dəfə də saxlamağa nail olacaq. Paşinyan vaxtı uzatmadan sülh sazişini imzalamalıdır. Rusiya sülhməramlı kontingentinin bölgədən çıxarılması prosesində Azərbaycana yardımçı olmalıdır. Əks halda onu çox ağır günlər gözləyir”.

Akqabay Mıradov