"Ərazimizin 20 faizi hələ də Rusiyanın işğalı altındadır"- Baş nazir
    • 23-09-2023, 12:08
    • 397

"Ərazimizin 20 faizi hələ də Rusiyanın işğalı altındadır"- Baş nazir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır.

News24.az xəbər verir ki, Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasının müzakirələrində iştirakçılara müraciət edib.

Çıxışının əvvəlində Qaribaşvili ölkəsinin yaşadığı ərazi bütövlüyü problemlərinə toxunub və izah edib ki, bu çətinliklərə baxmayaraq, Gürcüstanın inkişafı üçün səmərəli fəaliyyətlərini davam etdirirlər.

Rusiyanın 2008-ci ildə Gürcüstana hücuma keçdiyini qeyd edən Qaribaşvili ölkəsində yüz minlərlə insanın didərgin düşdüyünü ifadə edərək, “Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır” deyib. 

Gürcüstandan birtərəfli müstəqillik elan edən və Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiyada yaşayan xalqları birlik və həmrəyliyə çağıran Qaribaşvili aşağıdakı ifadələrdən istifadə edib:

"Mən abxaz və osetin qardaşlarımıza müraciət edirəm. Bizim ümumi düşmənimiz bizim birliyimizə qarşıdır. Biz inanılmaz nailiyyətlər əldə etməyə qadir olan parlaq insanlarıq, lakin birlikdə uzunmüddətli sabitliyi təmin edə, böyük sərmayələri cəlb edə və vahid xalq olaraq bütün potensialımızı reallaşdıra bilərik"

Aydan