Tehran Qriqoryanı niyə təcili çağırdı? - Paşinyana mesaj göndərirlər ki...
    • 2-10-2023, 12:53
    • 356

Tehran Qriqoryanı niyə təcili çağırdı? - Paşinyana mesaj göndərirlər ki...

“Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu antiterror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar”. 

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, Qriqoryan oktyabrın ilk günü Tehrana gedib. 

“Ümumiyyətlə, Armen Qriqoryan az qala hər ay Tehrana çağırılır. Tehran nədən bu qədər narahatdır? İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror əməliyyatından sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq. Tehran qorxur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, “möhkəm ol, mövqeyindən çəkinmə!”. 

Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır. Azərbaycanın uğurlu antiterror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır. Ancaq İran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər”, - E. Şahinoğlu vurğulayıb.

Akqabay