Bakıda bu dönərlər nədən hazırlanır? - ŞOK AÇIQLAMA
    • 6-10-2023, 17:43
    • 244

Bakıda bu dönərlər nədən hazırlanır? - ŞOK AÇIQLAMA

Son dövrlər baş verən inflyasiya hər sektorda olduğu kimi, qida sektorunda da qiymətlərin bahalaşmasına təsir edib. Qida sektorunda ən çox diqqət çəkən məqamlardan biri dönərlərin qiyməti ilə bağlıdır. Məlumata görə, Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir. Dönərlər isə 1,5 manatdan başlayaraq müxtəlif qiymətlərə satılır. Hələ bəzi hallarda 1,5 manatlıq dönərlərin yanında pulsuz ayran da təklif edilir. Qiymətin bu qədər ucuz olması isə alıcılarda şübhə yaradır. Redaksiyamıza daxil olan məlumatda bəzi alıcılar ucuz dönərlərin hazırlanmasında istifadə olunan məhsulların keyfiyyətsiz və yararsız olduğu barədə iddia ediblər. Dönər satıcıları isə qiymətin ucuz olmasını rəqabətlə əlaqələndirir. Bildirirlər ki, onların hazırladıqları dönərlərin baha qiymətə təklif olunan dönərlərdən heç bir fərqi yoxdur. Sadəcə onların obyektləri böyük olduğu üçün xərcləri də çoxdur və buna görə də dönəri baha qiymətə təklif edirlər. Bəzi dönərçilər isə müştərilərinin çoxunun tələbələr olduğunu əsas gətirərək qiyməti onların cibinə uyğun təyin etdiklərini söyləyiblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında dönərxanalarda gigiyenik qaydalara riayət edilməsi hallarına toxunub.

Onun sözlərinə görə, bu iaşə müəssisələrində sözügedən qaydalara riayət edilməsi halları çox aşağıdır. E.Hüseynov bu gün bəzi dönərxanalarda ən təhlükəli ətlərin realizə olunduğunu iddia edib:

"Halbuki istənilən dönərxanadan sənəd tələb etsək, onu təqdim edəcəklər. Sadəcə həmin sənədin orada hazırlanan məhsullara aid olub-olmadığı məlum deyil. Bu sahədə bəzi şirkətlər qaneedici fəaliyyət göstərsə də, bir sıra tanınmış şirkətlər standartlara cavab verən dönər hazırlamır. Belə ki, dönərxanaların 85 faizi aldıqları ətləri müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda alaraq dönər hazırlayırlar".

Təşkilat sədri vurğulayıb ki, bir neçə il öncə dönərxanaların fəaliyyəti ilə bağlı standartlar hazırlansa da, bu gün həmin standartlara əməl olunmur:

"Ona görə də bəzi dönərxanalarda ən murdar və sağlamlıq üçün təhlükəli olan ətlərdən geniş istifadə olunur. Ən ciddi xəstəliklər də dönərxanalar vasitəsilə yayılır".

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, dönər hazırlanmasında gigiyenik qaydalara əməl olunmaması heyvandan insana keçən bir çox xəstəliklərin yaranmasına, o cümlədən həzm orqanlarının zədələnməsinə səbəb olur:

"Un məmulatlarından hazırlanaraq satılan və səyyar formada çörəkarası hansısa ətdən hazırlanan qidalar ən çox risk qrupunda olan qidalardan hesab olunur. Yaxşı olar ki, bu qidalardan mümkün qədər az istifadə olunsun. Xüsusilə də dönərlərin əksəriyyətində mənşəyi bəlli olmayan, ucuz və xəstə heyvan ətlərindən istifadə olunur. Səhərdən axşama qədər bu ətlər açıq halda soyuducuda saxlanılmır və hər zaman istiyə məruz qalacaq şəkildə alovun yanında saxlanılır. Sağlam ətin belə bu şəkildə saxlanılması ətin tərkibinin mikrobioloji və kimyəvi dəyişikliyinə səbəb olur. Eyni zamanda ətin üstü açıq olduğuna görə ətrafdakı tozlar onun üstünə hopur. Dönəri gündəlik qəbul edən insanlar arasında 25 yaşa yaxın olan orqanizmlərdə təhlükə ikiqat artır. Çünki, dönərin düzgün hazırlanmaması fonunda bağırsaq mikroflorası pozulur. Ona görə də bəzi insanlarda qidadan dərhal sonra ağırlıq, qarın boşluğunda ağrı, şişkinlik, ishal və ya qəbzlik halları yaşanır. Həmin insanlar inkişaf prosesində olduğuna görə mütləq şəkildə sağlam qidalanmalıdırlar". 

Ayaqüstü yeməklərdə dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən istifadə olunduğunu qeyd edən sağlam qidalanma mütəxəssisinin sözlərinə görə, həmin qidalardan istifadə edən şəxslər ənənəvi keyfiyyətli qidaların dadından zövq ala bilmirlər:

"El arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın sintetik mənşəli adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni - umami dadını yaradır. Bu cür qidalardan istifadə edən insanlar çox tez doyurlar, lakin bu toxluq hissi qısa zamanda yoxa çıxır. Ona görə də həmin insanlar daima özlərini ac hiss edirlər. Dönərin ucuz qiymətə satılması əlçatanlığı təmin etmək üçün olsa da, bu qidalar birbaşa olaraq təhlükəli xəstəliklərin mənbəyidir. Sahibkarlar daha az pul xərcləyərək böyük gəlir əldə etmək istəyirlər və buna görə də keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bütün hallarda istehlakçı bilməlidir ki, mənşəyi bəlli olmayan qidadan istifadə etmək onun həyatı üçün təhlükədir".

Qeyd edək ki, dönər üçün ət təzə olmalı, mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilib, bükülüb, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılmalıdır. Mənfi 40 dərəcə şok verən, xüsusi formada dönər ətlərini hazırlayan avadanlıqlar isə kifayət qədər bahadır.