"Macarıstan Qərbi Zəngəzurda konsulluq açmağa qərar verərsə..." - POLİTOLOQ
    • 27-10-2023, 18:11
    • 129

"Macarıstan Qərbi Zəngəzurda konsulluq açmağa qərar verərsə..." - POLİTOLOQ

“Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu, Budapeştin Azərbaycana yönəlik xoş olmayan addımı olacaq”.

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Macarıstanın xarici işlər naziri Peter Siyartonun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında söylədikləri diqqət mərkəzindədir. Birincisi, macar nazir deyib ki, ölkəsi Ermənistanda səfirliklə yanaşı konsulluq xidməti də açacaq. İkincisi, macar nazir təmsil etdiyi hakimiyyətin Macarıstanın erməni icmasına 13 il ərzində büdcədən maliyyələşməni 4 dəfə artırdığını vurğulayıb. Üçüncüsü, Macarıstanın “Wizzair” aviadaşıyıcısı İrəvan-Budapeşt reysini açacaq. Dördüncüsü, Macarıstan Ermənistanın 30 tələbəsinə təqaüd ayrıracaq. Beşincisi, macar nazir deyib ki, Macarıstan Qarabağı tərk edən ermənilərə 110 min dollar civarında maliyyə dəstəyi ayıracaq. Macarıstanın xarici işlər naziri bütün bunların yekunu olaraq iki ölkə arasında münasibətlərin inkişafı üçün «xristianlıq amilinin əsas» olacağını deyib. 

Çox olmadımı? Anlayırıq ki, Macarıstan xarici siyasətdə şaxələnməyə üstünlük verir, Türkiyə və Azərbaycanla sıx tərəfdaşlığına rəğmən, Ermənistanla da əməkdaşlıq etmək istəyir. Bu Macarıstanın hüququdur. Ancaq macar nazirin İrəvanda bəyan etdikləri Macarıstanın Ermənistanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq marağından irəli gəlir. Budapeştin Ermənistana artan marağı nə ilə bağlıdır? Macarıstan 2012-ci ildə zabitimiz Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan bu ölkə ilə diplomatik münasibətləri dondurdu. Ermənistan üstündən 11 il keçdikdən sonra bu ilin mayında Macarıstana səfirini təyin edib. Macarıstanın baş naziri Viktor Orban ölkəsini türk dünyasının üzvü kimi qiymətləndirir. Doğrudur, bu məsələdə Orban praqmatik maraqlardan çıxış edir, Macarıstan Azərbaycanın və Mərkəzi Asiyanın enerji imkanlarından faydalanır, regional layihələrdə yer almaq istəyir. Maracıstanın xarici işlər naziri Ermənistanda konsulluq xidmətinin açılcağının anonsunu verib, ancaq bunun yeri barədə açıqlama verməyib. Əgər Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu Budapeştin Azərbaycana yönəlik xoş olmayan addımı olacaq”, - politoloq bildirib.

Akqabay