Güzəştli mənzillərin SATIŞ QİYMƏTLƏRİ
    • 14-11-2023, 09:56
    • 320

Güzəştli mənzillərin SATIŞ QİYMƏTLƏRİ

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Gəncə və Sumqayıtda mənzillərin güzəştli satışına başlayır.

News24.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edilib ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

1 otaqlı mənzillərin qiyməti - 32 725 manatdan,

2 otaqlı mənzillərin qiyməti - 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 57 120 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzilin qiyməti - 34 085 manat,

2 otaqlı mənzillərin qiyməti - 49 028 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 61 897 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 83 895 manatdan başlayır.

Gəncə Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti - 29 623 manatdan,

2 otaqlı mənzillərin qiyməti - 47 940 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 61 668 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 81 685 manatdan başlayır.

Sumqayıt layihəsi üzrə:

3 otaqlı mənzilin qiyməti - 63 325 manatdır.

Qeyd edilib ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.