Zurabişvili Fransada qalmaqallı AÇIQLAMA:
    • 14-11-2023, 16:43
    • 168

Zurabişvili Fransada qalmaqallı AÇIQLAMA: "Gürcüstan Çindən üzr istəyib"

Prezident Salome Zurabişvilinin Fransanın LCI telekanalına müsahibəsində Çin lideri Si Cinpinlə bağlı səsləndirdiyi fikirlər gərginliyə səbəb olub.

News24.az xəbər verir ki, məsələ ilə əlaqədar Çin səfiri Zhou Qian Prezident Administrasiyasının rəhbəri Natia Sulava ilə görüşüb.

Orbeliani sarayında keçirilən görüşdə Natia Sulava Çin səfirinə Salome Zurabişvilinin fikirlərinin Çin Prezidenti Si Cinpinə deyil, Rusiya Prezidenti Vladimir Putinə aid olduğunu deyib:

“Bütün müsahibə Gürcüstan-Aİ əlaqələrinə, Rusiyaya fokuslanıb və Prezidentin qeydləri yalnız Gürcüstan ərazilərini işğalda saxlayan ölkənin prezidentinə aiddir”, - deyə administrasiyanın görüşlə bağlı bəyanatında bildirilib.

Baş nazir İrakli Qaribaşvili də ötən gün Çin səfiri ilə görüşüb və ölkə Prezidentinin bəyanatının narahatlıq doğurduğunu və bunu qəti şəkildə qınadığını bildirib. Baş nazir Prezidentin bəyanatının dinamik inkişaf edən Gürcüstan-Çin əlaqələrinə təsir etməyəcəyinə ümid etdiyini bildirib.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə Salome Zurabişvilinin ölkənin maraqlarını zədələməyə çalışmaqda ittiham edib. O qeyd edib ki, Prezidentin Çin lideri ilə bağlı utancverici bəyanatına görə hökumət üzr istəməli olub.

Parlamentin hakim “Gürcü Arzusu” partiyasından olan vitse-spikeri Gia Volski Zurabişvilinin Çin lideri ilə bağlı fikirlərini “siyasi axmaqlıq və məsuliyyətsizlik” adlandırıb, bunun Prezidentin “məkrli planları” ilə əlaqəli olmadığına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, müsahibə zamanı jurnalist Salome Zurabişviliyə “Siz Putin və Si Cinpinin nə vaxtsa ədalət qarşısına çıxarılacağına ümid edirsinizmi?” sualı ünvanlayıb. Prezident cavabında bunun tarixi nəticə ola biləcəyini deyib:

“Mən inanıram ki, bu müəyyən şeyləri öz yerinə qoyacaq tarixi nəticə olardı. Lakin siz bunun realist olduğunu soruşursunuzsa, yox”, - deyə Prezident vurğulayıb.

Xatırladaq ki, bu il Gürcüstan və Çin hökumətləri arasında strateji tərəfdaşlığın əsası qoyulub. Hakim partiyanın bu addımı ABŞ-ın, eləcə də Gürcüstandakı qərbyönümlü siyasətçilərin və partiyaların, vətəndaş cəmiyyəti fəallarının narahatlığına səbəb olub.

Aynurə