Rayonlarda “Sağlam məktəbli” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO
    • 16-04-2019, 13:51
    • 1 048

Rayonlarda “Sağlam məktəbli” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, növbəti görüşlər Tərtər rayonu 6 nömrəli tam orta məktəb, Şirvan şəhər 16 nömrəli tam orta məktəb və Hacıqabul rayon 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.