Ukraynada 10 mindən çox dinc sakin həlak olub – BMT
    • 23-02-2024, 10:30
    • 119

Ukraynada 10 mindən çox dinc sakin həlak olub – BMT

BMT-nin İnsan Hüquqları Şurasının fevralın 22-də Cenevrədə təqdim etdiyi hesabata əsasən, Ukraynada Rusiyanın iki il ərzində silahlı təcavüzü nəticəsində artıq 10 mindən çox dinc sakin həlak olub, 20 minə yaxın insan isə yaralanıb.

News24.az xəbər verir ki, sənəddə qeyd olunur ki, Ukraynada mülki əhali arasında itkilərin real sayı daha çox olacaq və müharibənin nəticələri gələcək bir çox nəsillər üçün hiss olunacaq.

BMT-nin Ukraynadakı İnsan Haqları Müşahidəçiləri Missiyasının sənədləşdirdiyi məlumatlara görə, Rusiyanın təcavüzü nəticəsində artıq azı 10 582 mülki şəxs həlak olub, 19 875 nəfər isə yaralanıb. Ölənlər arasında 587 uşaq da var. Bu mülki şəxslərin demək olar ki, 4300-ü və ya 40 faizi təkcə 2022-ci ilin martında, Rusiya işğalından sonrakı ilk həftələrdə həlak olub.

Mülki itkilərin çoxu uzaq mənzilli partlayıcı silahlardan baş verib. Xüsusilə çoxlu sayda dinc sakin Ukraynanın şərq vilayətlərində həlak olub, burada 59 tibb və 236 təhsil müəssisəsi dağıdılıb, yüzlərlə bina isə zərər görüb.

BMT-nin digər mənbələrinə görə, Ukrayna əhalisinin demək olar ki, 40 faizi, yəni 14,6 milyon insan humanitar yardımdan asılıdır və daha 2,2 milyon ukraynalı müharibədən qonşu dövlətlərə qaçıb. BMT Ukraynada məcburi köçkünlərin sayını 3,5 milyon nəfər hesab edir.

Mehriban Mirzəzadə