Türkiyənin xalis valyuta ehtiyatları görünməmiş həddə azalıb
    • 21-03-2024, 19:50
    • 418

Türkiyənin xalis valyuta ehtiyatları görünməmiş həddə azalıb


Türkiyədə xarici valyutaya kəskin və davamlı tələbat ölkənin Mərkəzi Bankının xalis valyuta ehtiyatlarının tarixi minimuma qədər azalmasına səbəb olub.

“Ekonomim” qəzetinin yazdığına görə, onların svoplar istisna olmaqla həcmi mənfi 62,8 milyard dollar təşkil edir.

Son 12 həftə ərzində Mərkəzi Bank 26,6 milyard dollar xərcləyib, təkcə martın əvvəlindən xalis ehtiyatlar 16,5 milyard dollar azalıb. Qəzetə rəy bildirən iqtisadçı və bankirlərin fikrincə, bu vəziyyət martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində xarici valyutaya idarəolunmaz tələbatla əlaqəlidir. Bundan əlavə, milli valyutanın davam edən ucuzlaşması ilə əlaqədar fiziki şəxslər əmanətlərini dollar və ya avroya köçürməyə çalışırlar.

Svoplar istisna olmaqla xalis valyuta ehtiyatlarının azalmasının sonuncu tarixi zirvəsi 2023-cü ilin iyununda (mənfi 61,2 milyard dollar) qeydə alınıb. Fevral ayına Mərkəzi Bankın ümumi valyuta ehtiyatlarının həcmi 131,8 milyard ABŞ dolları təşkil edib və bu rəqəm də son aylarda azalmaqdadır.

Ehtiyatlardan valyutanın çıxması uçot dərəcəsinin artması, həmçinin məzənnə dəyişikliyindən qorunmaqla böyük həcmdə əmanətlərə xidmət göstərmək ehtiyacı ilə bağlıdır.

Türkiyə Mərkəzi Bankı bu gün pul siyasəti şurasının iclasını keçirəcək və bu iclasda uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul ediləcək. Ekspertlər onun 250-500 baza bəndi artırıla biləcəyini istisna etmirlər. Eyni zamanda, əgər indi seçkilərə qədər bank siyasi məqsədəuyğunluğuna görə uçot dərəcəsini əvvəlki səviyyədə saxlayarsa, bir sıra iqtisadçıların fikrincə, yayda onun 60 faizə qaldırılacağı istisna edilmir./musavat