DSX-nin baş giziri qətlə yetirildi
    • 3-04-2024, 12:40
    • 1 132

DSX-nin baş giziri qətlə yetirildi

Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

R TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri dindirilib.

Onlar bildiriblər ki, hadisə söyüş üstündə baş verib:

Diqqətinizə çatdırım ki qətlə yetirilən mərhum Cəsarət Vəliyev və Camal Həsənov çox içkili idilər. Mərhum Cəsarət Vəliyev Dj-in boynundan sıxıb özünə tərəf çəkdi və sifariş etdiyi mahnının elan edilməsini tələb etdi. Onun dostu Camal araladı. Lakin Cəsarət həddindən artıq içkili olduğu üçün onu sakitləşdirmək olmadı. Bu məqamda təqsirləndirilən şəxslər Orxan Zeynalov və İlqar Abdurrahmanov onlara söyüş söyməməyi, dedilər. Daha sonra onların arasında dava yarandı. Daha sonra Camal Həsənov qarşı tərəfləri aşağı çağırdı. Lakin aşağıdakı davadan və bıçaqlanma anlarını görməmişəm".

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.

Hadisədə Cəsarət Vəliyev qətlə yetirilib, Camal Həsənov isə xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs-qətimkan tədbiri seçilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2-ci ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Aslan Nadiroğlu