Azərbaycan millisinin “vuran əli” – Avropada ikinci
    • 8-04-2024, 18:07
    • 222

Azərbaycan millisinin “vuran əli” – Avropada ikinci

Qadın həndbolçular arasında AVRO-2024-ün seçmə mərhələsinin bombardirləri açıqlanıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, Azərbaycan millisinin sol cinah oyunçusu Kamilə Bayramova Avropada ikincidir.

21 yaşlı bombardirimiz 6 oyunda 43 qola imza atıb. O, birinci dövrədə Şimali Makedoniyaya (17:40) 4, İspaniyaya (18:38) 5, Litvaya (35:33) 13 qol vurub. Kamilə son üç matçda Litvanı (26:41) 6, Şimali Makedoniyanı (22:37) 7, İspaniyanı (16:42) 8 dəfə məyus edib.

Mübarizə apardığı 5-ci qrupda yarışı sonuncu pillədə başa vuran yığmamız ümumilikdə 134 qola sevinib. Bunun təxminən 1/3-nin müəllifi olan Kamilə seçmə mərhələyə 31 komandanın həndbolçularından yalnız birindən geri qalıb. Fransalı Valentini Şloe 46 qola sevinib.

Qeyd edək ki, millimiz seçmə mərhələdəki qol sayında 22-ci olub. Seçmələrdə final mərhələsinin ev sahibləri Avstriya, Macarıstan, İsveçrə və son çempion Norveç iştirak etməyib.