Məşəl alovlandırıldı
    • 16-04-2024, 14:51
    • 442

Məşəl alovlandırıldı

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli yandırılıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, dördilliyin ən mötəbər multi-idman yarışının rəmzi Yunanıstandakı qədim Olimpiyada günəş şüalarından alovlandırılıb.

Olimpiadanın açılışına 3,5 aydan az vaxt qalmış yandırılan məşəl Akropoldan Fransa Polineziyasına qədər səyahət edərək iyulun 26-da Parisdəki açılış mərasiminə çatdırılacaq. Koronavirus pandemiyasından sonra ilk dəfə tədbir ictimaiyyət üçün açıq olacaq. Tokio-2020 və Pekin-2022-də məşəlin alovlandırılması qapalı təşkil edilib.

Mərasimə 600-ə yaxın yüksək vəzifəli nümayəndə qatılıb. Nümayəndə heyətinə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Katerina Sakellaropulu və onun Beynəlxalq Olimpiya Komitəsindəki həmkarı Tomas Bax rəhbərlik ediblər.

Yunan aktrisa Meri Mina tərəfindən məşəlin alovlandırılması zamanı Olimpiya himnini amerikalı metso-soprano Coys DiDonato oxuyub. Gera məbədindəki mərasimlə Olimpiya Oyunlarının startına gerisayım başlayıb.

Olimpiya estafetində məşəli ilk daşıyan Tokio-2020-nin çempionu Stefanos Douskos olub. Yunanıstanlı Yaponiyada avarçəkmə üzrə olimpiya çempionu olub. Fransanın ilk məşəlçisinin Afina-2004-ün çempionu üzgüçü Lora Manadu olacağı planlaşdırılıb.

Məşəl Yunanıstanda 11 gün səyahət edəcək. Bu müddətdə 600 estafetçi təxminən 5000 km qaçaraq onu 41 məntəqəyə daşıyacaq.

Aprelin 26-da məşəl 1896-cı ildəki ilk Olimpiya Oyunlarının keçirildiyi “Panatinaikos” stadionunda Paris-2024-ün təşkilatçılarına ötürüləcək. Olimpiya rəmzi oradan “Belem” yelkənli qayığı ilə Marselə aparılacaq və Fransada 12 min km qət edərək 400-ə yaxın şəhəri gəzəcək.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi iyulun 26-da Sena çayı üzərindəki “Jardins du Trocadero”da baş tutacaq.