Ukrayna üçün ən pis ssenari reallaşır - Qərargah toplandı
    • 30-05-2024, 19:31
    • 299

Ukrayna üçün ən pis ssenari reallaşır - Qərargah toplandı

Rusiya – NATO münasibətləri gərginləşib. Şimali Atlantika Bloku Rusiyanın Ukraynada cəbhə xəttini yarmağa çalışmasından narahatdır. NATO-nun Brüsseldəki mənzil qərargahında Ukrayna üçün ən pis ssenariləri nəzərdən keçirməyə başlayıblar.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, NATO baş katibi Yens Stoltenberqin ritorikası da sərtləşib:

“Baş katib Kremllə yanaşı, Rusiyaya dəstək verən dövlətləri də hədəf seçib. Stoltenberq deyir ki, Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir. Onun sözlərinə görə, Çin Rusiya ilə iqtisadi əlaqələri gücləndirmək və ikilitəyinatlı avadanlıqların çatdırılmasını təmin etməklə, faktiki Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləmiş olur. Stoltenberq başqa bir məqama da diqqəti yetirib: “Çin heç bir mərhələdə Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib, əksinə, Moskva ilə iqtisadi-ticari əlaqələrini gücləndirib”.

NATO baş katibi buna misal kimi, Rusiyanın ona lazım olan mikroelektronikanın 90 faizini Çindən aldığını bildirib: “Bu mikroprosessorlar, mikroelektronikadan Rusiya raketlər, döyüş tankları, təyyarələr yaratmaq üçün istifadə edir və sonradan bunlar Ukraynaya qarşı amansız müharibə aparmaq üçün istifadə olunur”.

Stoltenberqin məntiqinə görə, Çinin iqtisadi dəstəyi olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni tam gücü ilə apara bilməzdi. NATO baş katibi hesab edir ki, Kreml Çindən asılı vəziyyətə düşüb, bu, gələcəkdə Kremlə əlavə problemlər yaradacaq. Pekin NATO baş katibinin iddialarını rədd edib”.

Mərkəzin ekspertləri Çin-Tayvan böhranı ilə bağlı duruma da diqqət çəkirlər:

“ABŞ sualtı gəmilərində nüvə başlıqları bərkidilə bilən qanadlı raketlərin yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı mühüm qərarla üz-üzədir. Bu, Çin və Rusiya ilə artan gərginlik fonunda onun çəkindirmə strategiyasını yenidən formalaşdıra bilər. Söhbət qanadlı raketlərin “Virciniya” sinifli nüvə sualtı gəmilərində yerləşdirilməsindən gedir. Pekinin Tayvanı ram etməyə çalışması ABŞ və NATO-nun diqqət mərkəzindədir.

Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimləri beynəlxalq aləmdə böyük əks-səda doğurub. Çin ada ətrafında təlimlərə 62 təyyarə və 27 gəmi cəlb edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında deyib ki, “Tayvanın müstəqilliyi” ilə məşğul olanlar üçün çıxılmaz vəziyyət yaranacaq və “Tayvanın müstəqilliyi”nə dəstək vermək yalnız əks nəticə verəcək.

Çinin qonşu ölkələrlə davam edən ərazi mübahisələri bölgədə əlavə gərginlik yaradır. NATO Avropa təhlükəsizliyinin təminatçısı olaraq Rusiyanı durdurmağa çalışmaqla yanaşı, Çinlə də qarşıdurma içindədir”.