"Lətifəni əvvəl mən sevdim, sonra o, sonra yenə mən..." – Təfərrüat
    • 31-05-2024, 14:12
    • 204

"Lətifəni əvvəl mən sevdim, sonra o, sonra yenə mən..." – Təfərrüat

Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyaşıdı Fəridi (adlar şərti verilib – red.) öldürüb.

News24.az Teleqraf.com-a istinadla bildirir ki, Məmmədin əvvəllər dostluq etdiyi, lakin 2021-ci ildən etibarən keçmiş sevgilisi Lətifə ilə sevgi münasibəti qurduğuna görə Fəridlə arası dəyib.

29 sentyabr 2023-cü ildə saat 20:00-da o, “5+ supermarket” adlı ictimai iaşə obyektində ətir piştaxtasında satıcı işləyən Lətifəyə sataşıb.

Məmməd 2021-ci ildən davam edən mübahisəyə son qoymaq məqsədilə evdən mətbəx bıçağı götürüb və Fəridlə razılaşdırılmış ilkin görüş yerinə - Mingəçevir şəhərindəki “Bəxtiyar” adlı aptekin qarşısına getmək istəyib. Anası mübahisəli telefon danışığından xəbər tutduğundan ona mane olub və ilk görüş baş tutmayıb.

Saat 20:15-də “5+ supermarket”də Lətifə ilə söhbət etdiyi məqamda yenidən Fəriddən ona zəng gəlib. Məmməd olduğu ünvanı Fəridə bildirib və oraya gəlməsini istəyib.

Onlar görüşüblər, yaranan mübahisə dava-dalaşa çevrilib. Fərid Məmmədə yumruq atsa da, o, zərbədən yayınıb. Özündəki bıçaqla o, Fəridin ürək nahiyəsi istiqamətində zərbə endirib. Fərid kəskin qanaxma nəticəsində ölüb.


“Ər-arvad münasibətində yaşamışıq”

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Fəridlə dostluğu hərbi xidmətdə olduqları 2009-cu ildən yaranıb: “Mingəçevir şəhərində “5+ supermarket”in daxilində ətir piştaxtasında satıcı işləyən Lətifə ilə tanışlığımız 2018-ci ilin əvvəllərindən yarandı. Daha sonra tanışlıq sevgi münasibətinə keçdi.

Uzun müddət onunla ər-arvad münasibətində yaşamışıq. Lətifə ilə sevgi münasibətindən Fəridin də məlumatı vardı”.


“Mənə başı ilə zərbə vurdu”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ildə Lətifə ilə münasibətlərə son qoyub, bundan sonra Fərid onun vasitəsi ilə tanış olduğu Lətifə ilə sevgi münasibəti yaşamağa başlayıb:

“Bir müddət sonra, 2020-ci ildən Lətifə ilə yenidən sevgi münasibətinə başladıq. Buna baxmayaraq, Fərid Lətifədən əl çəkmədi.

Lətifə mütəmadi olaraq Fərid tərəfindən təhqir olundu və təzyiqlərə məruz qaldı. Dəfələrlə Fəridə kənarda dayanmasını, bizə sataşmamasını dedim. O məni də hədələməyə və təhqir etməyə başladı. Bununla bağlı dəfələrlə aramızda mübahisə yarandı.

Təxminən hadisədən bir il əvvəl Fəridin Lətifə ilə mübahisəsi ilə əlaqədar onunla deyişdik. Bu zaman Fərid mənə başı ilə zərbə vurdu. Lətifə də hadisənin şahidi olub. Lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermədim. Xəstəxanaya da müraciət etmədim.

Dostum Sərdar mənimlə Fərdin arasında baş vermiş mübahisələrin şahidi olmasa da, bunlardan məlumatlı olub”.


“Lətifə ilə söhbət etməyə başladım”

Məmmədin sözlərinə görə, 2023-cü ilin sentyabr ayının ortalarında yenidən eyni məsələ ilə bağlı aralarında mübahisə yaranıb və Fərid onu təhqir edib:

“Sentyabrın 29-da Lətifə ilə telefonda danışanda bir nəfərin onu təhqir etdiyini eşitdim, ondan nə baş verdiyini soruşdum. Lətifdə təhqir edən şəxsin Fərid olduğunu bildirdi. Mən Lətifəyə bir qədər sonra işlədiyi supermarketə gələcəyimi dedim. Az sonra Fərid zəng edərək məni təhqir etdi və görüşmək üçün Mingəçevir şəhərindəki “Bəxtiyar” aptekin qarşısına çağırdı.

Mübahisəyə son qoymaq məqsədilə onun qeyd etdiyi yerə getmək qərarına gəldim. Əvvəllər Fəridlə mübahisə zamanı başı ilə zərbə vuraraq məni döydüyü üçün yenidən döyüləcəyimdən ehtiyat etdim. Özümlə yaşadığım evin mətbəx otağından bıçaq götürdüm, qeyd edilən ünvana getdim. Anam mobil telefonda mübahisə etdiyimi bildiyi üçün aptekin qarşısına gəldi. Hər hansı hadisə törətməyimin qarşısını aldı.

Bu vaxt Əli adlı şəxsin avtomobillə oradan keçdiyini gördüm. Onun maşınında “5+ supermarket"ə getdim. Orada Lətifə ilə söhbət etməyə başladım”.


“Mən təhdid etdi”

Məmməd qeyd edib ki, bu zaman Fərid mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşub: “Yerimi ona bildirdim. Fərid oraya gələcəyini deyib, çölə çıxmağımı tələb etdi. Təxminən 5 dəqiqə marketin qarşısnda gözlədim. Fərid yenidən zəng etdi, harada olduğumu soruşdu. Mən isə Fəridə “5+ supermarket"in qarşısında gözlədiyimi bildirdim.

Təxminən 1 dəqiqə keçmiş Fəridin gəldiyini gördüm, ona doğru yönəldim. Küçədə görüşdük. O, məni təhqir edərək kənara çəkilməyi tələb etdi. Kənara doğru bir-iki addım atdıqda Fərid əlini cibinə salaraq məni təhdid etdi".


“Öldürmək niyyətim olmayıb”

Məmməd bildirib ki, Fəridin ona zərbə vuracağını fikirləşib: “O, üstəlik bıçaqlayacağı ilə məni təhdid etdi. Sağ əli ilə başıma yumruq vurdu. Elə bildim vurduğu bıçaq zərbəsidi. Bu halda başımın yarılmalı olduğunu düşündüm. Artıq özümü itirdim. Fəridin mənə yumruq və ya bıçaq zərbəsi vurduğunu müəyyən edə bilmədim.

Şalvarımın sağ yan cibindən mətbəx bıçağını çıxardım və Fəridin sol yan tərəfinə aşağı hissədən yuxarıya doğru bir zərbə vurdum. Fəridin ürək nahiyəsinə zərbə vurmaq niyyətim olmayıb. Bıçağın hansı nahiyəyə dəydiyini bilməmişəm. Zərbədən sonra Fərid aşağıya doğru əyildi, bıçaq da bu zaman əyildi.

Hadisə zamanı şok vəziyyətində olmuşam. Fəridin öləcəyini zənn etməmişəm. Məqsədim onu öldürmək yox, qorxutmaq və xəsarət yetirmək olub.

Hadisə yerində olan və bizi bir-birimizdən kənarlaşdırmağa çalışan tanımadığım şəxslərdən Fəridə köməklik göstərmələrini xahiş etdim. Özüm isə həmin yeri tərk etdim. Daha sonra Lətifəyə zəng edərək Fəridin səhhəti ilə maraqlandım. İstifadə etdiyim bıçağı “Nərgiz” klinikasının yanından yaşayış zonasına girərkən yolun kənarına atdım. Sonra səhərə qədər piyada şəhərdə gəzdim.

Sentyabrın 30-da özüm könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gedərək təslim oldum. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 9 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.