Diri-diri basdırılan dünya şöhrətli türk güləşçinin acı həyat hekayəsi
    • 3-06-2024, 20:33
    • 245

Diri-diri basdırılan dünya şöhrətli türk güləşçinin acı həyat hekayəsi

“Boyu 1,80, çəkisi 105 kilo olan Qara Əhmədin sinə ətrafı 1,24, boyun qalınlığı isə 50 santimetr idi. Qolları qəliblənmiş, biləkləri qalın, pəncələri aslan kimi idi. Onun boyun ətrafında üç gözmuncuğu vardı”. Əhməd Mithat Əfəndi onu belə təsvir etmişdi.

News24.az KONKRET.az-a istinadən pəhləvanla bağlı real hekayəni təqdim edir:

“Fransada keçirilən güləş üzrə dünya çempionatında bütün rəqiblərini yerə yıxaraq dünya çempionu olan Qara Əhmədin diri-diri basdırılması hələ də acı yaddaşlarda qalıb.

Qara Əhməd 1871-ci ildə bu gün Bolqarıstan sərhədləri daxilində olan Deliorman torpaqlarında anadan olub.

Deliorman tarix boyu elə bir güləşçi mərkəzi idi ki, burada Koca Yusuf, Filiz Nurullah, Hergeleci İbrahim, Kurtdereli Mehmet, Kelaliço kimi məşhur pəhləvanlar yetişib. Osmanlı İmperiyasının ən çevik və əyilməz igidlərinin əksəriyyəti bu ocaqda məşhurlaşıb.

Qara Əhməd də onlardan biri idi. Belə bir mədəniyyətdə doğulduğu üçün Qara Əhməd uşaqlıqdan güləşə həvəs göstərib. 20 yaşı olanda rayonda ona meydan oxuyacaq pəhləvan qalmamışdı, hətta özündən böyüklərin də belini yerə qoymağa başladı. Bu səbəbdən də özünə tay güclü rəqiblər tapmaq və özünü daha da təkmilləşdirmək üçün 21 yaşında paytaxt İstanbula yollanıb. İstanbula gələndə tanınmış pəhləvanlardan olan Hergeleci İbrahimin əlini öpərək yaxın kəndli olduğunu və onunla məşq etmək istədiyini bildirib.

Hergeleci İbrahimlə şagirdliyə başlayan Qara Əhməd ilk ciddi yarışmasında 2 il sonra, 1894-cü ildə Gelibolu Mövləvi Şeyxi Mustafa Daniş Əfəndinin toyunda şənlikçi olaraq meydana çıxıb. Onun rəqibi tanınmış və təcrübəli güləşçilərdən Kazandərəli Memiş olub. Kazandərəlini məğlub edən Qara Əhməd yavaş-yavaş İstanbulda tanınmağa başlayıb. O, Avropalı təşkilatçıların da diqqətini çəkib.

Pierre adlı yunan təşkilatçı ilə anlaşan Qara Əhməd Avropaya gedərək orada məşhur pəhləvanlarla məşq edib. Həmon dövrlərdə yağlı güləş Osmanlı torpaqlarında, döşək güləşi isə Avropada yunan-Roma üslubunda aparılırdı.

Qara Əhməd Avropada heç vaxt məğlub olmayıb və 1896-cı ildə İstanbula məğlubiyyətsiz qayıdıb.

Yunan-Roma güləşi üzrə çox güclü olan pəhləvan bu üslubu daha yaxından öyrənmək üçün o zamanlar “Məktəbi Sultaniyyə” adlanan Qalatasaray liseyinin idman müəllimi Faiq bəydən dərs alıb. Bununla da kifayətlənməyən güləşçi İstanbulda Melenos adlı şəxsin qurduğu yunan-Roma güləşi üslubunda məşq edən Totonya Təlim Klubunda məşqlərə başlayıb. Hər sahədə özünü təkmilləşdirmək istəyən güləşçi fransız dili dərsləri də alırdı. Bununla belə, o, yağlı güləşi tamamilə tərk etməyib.

Qara Əhmədin ən böyük uğurlarından biri Osmanlı İmperiyasının ən böyük pəhləvanı, ondan 10 santimetr uzun, 30 kilo ağır olan Adalı Xəlillə heç-heçə etməsi olub. Bir neçə il əvvəl Parisdə güləşdəki uğurları ilə avropalıların yaddaşında yer alan Qara Əhməd 1899-cu ildə keçiriləcək güləş üzrə dünya çempionatı üçün Fransaya dəvət olunub. Bu çempionatda bütün dünya güləşçiləri ilə güləşən Qara Əhməd finala yüksəlməyi bacarıb. Finalda onun rəqibi ev sahibi, daha hündür, çəkisi 138 kilo olan məşhur fransız güləşçisi Loran le Bokairua olub.

Qara Əhmədin boyu cəmi 1,80, çəkisi isə 105 kilo idi. Final görüşü 1 saat 6 dəqiqə davam edib və sonda Qara Əhməd nəhəng fransızı məğlub etməyi bacarıb və Yunan-Roma güləşi üzrə Osmanlının ilk rəsmi dünya çempionu olub. Sultan II. Əbdülhəmid onu saraya dəvət edib və Osmanlı bayrağını Avropada uğurla dalğalandırdığı üçün ona fəxri nişanla mükafatlandırıb və ona maaş təsis edib.

Güləşdəki qələbələri ilə mətbuatın diqqət mərkəzinə düşən dünya güləşçisi Qara Əhməd o zaman xalqın ən böyük qürur mənbəyi idi. Lakin gözlənilməz bir hadisə onun həyatını alt-üst edib. Mayın 25-də Qara Əhməd dostları ilə çayxanada oturarkən “özümü yaxşı hiss etmirəm” deyib. O, yerə yıxılıb və qəfil infarkt nəticəsində huşunu itirib.

Elə hesab ediblər ki, dünya çempionu 32 yaşında dünyasını dəyişib. Ertəsi gün, mayın 26-da onu sevən böyük bir izdiham tərəfindən qılınan cənazə namazından sonra qəbiristanlıqda dəfn edilib. Lakin həmin gecə qəribə hadisələr baş verib. Qəbiristanlığın yanından keçən insanlar qəribə iniltilər və qışqırıqlar eşitdiklərini bildiriblər. Gecə yarısı heç bir müdaxilə olmasa da, səhər saatlarında Pəhlivanın məzarı dərhal açılıb.

Şayiələrə görə, Qara Əhməd məzarda qan içində və kəfəni cırılmış halda tapılıb. Təxminlərə görə, o, infarkt nəticəsində komaya düşüb və öldüyü zənn edilərək diri-diri basdırılıb. Daha sonra məzarın içində olarkən özünə gəlib. Güləşçi məzardan çıxmağa çalışarkən əlləri və sinəsi zədələnib. Nəhayət, boğularaq ölüb. Bu faciəli hadisədən sonra məzar yenidən bağlanıb.

Dünya çempionu Qara Əhmədin məzarında aşağıdakı sözlərdən ibarət bir yazı var:

“Dünya şücaəti ilə məşhur olan Qara Əhməddir. Cahanın pəhləvanının kürəyi yerə dəymədiyi halda, qəhrəman infarktla yerə yıxıldı. Əfsanəvi cahan Arslan dünyanı tərk etdi…”