Dünyanın neçə faizi sosial mediadan istifadə edir?
    • 1-07-2024, 15:50
    • 283

Dünyanın neçə faizi sosial mediadan istifadə edir?

Statista onlayn statistika portalından toplanan məlumatlara görə, apreldə Facebook aylıq 3 milyarddan çox aktiv istifadəçisi ilə dünyada ən çox istifadəçisi olan sosial media platforması kimi ilk mövqeyini qoruyub saxlayır.

News24.az xəbər verir ki, “Facebook”un da sahibi olduğu “Meta” şirkətinə məxsus “Instagram” və “WhatsApp” aylıq 2 milyard istifadəçi ilə siyahıda 3-4-cü, Facebook Messenger isə bir milyard istifadəçi ilə 7-ci yerdədir.

Siyahıda ikinci yerdə Google-a məxsus onlayn video paylaşma platforması YouTube gəlir. YouTube-dan dünyada 2,5 milyard insan istifadə edir. İlon Maska məxsus X (keçmiş Twitter) platforması 611 milyon istifadəçi ilə 12-ci yerdədir.

SİYAHIDA ÇİNDƏN 6 ŞİRKƏT VAR

ABŞ-da fəaliyyət göstərən 9 diqqətçəkən şirkətlə yanaşı, 6 Çinli şirkət də siyahıda yer almağı bacarıb.

Çin sosial media tətbiqləri arasında ən populyar platforma təxminən 1,6 milyard istifadəçisi olan TikTok olub.

TikTok 5-ci yerdə, WeChat 1,3 milyard istifadəçi ilə 6-cı yerdə, Douyin 755 milyon istifadəçi ilə 10-cu yerdə, Kuaishou 700 milyon istifadəçi ilə 11-ci yerdə, Weibo 600 milyon istifadəçi ilə 13-cü yerdədir. Onu 554 milyon istifadəçi ilə 14-cü yerdə QQ izləyir.

5 MİLYARD İNSAN SOSİAL MEDİADAN İSTİFADƏ EDİR

We Are Social-ın 2024-cü il hesabatına görə, 8 milyardlıq dünya əhalisinin 62 faizinə bərabər olan 5 milyard insan sosial mediadan istifadə edir.

Sosial media istifadəçilərinin sayı keçən illə müqayisədə 5,6 faiz artıb və 2023-cü ildə 266 milyon yeni istifadəçi ilk dəfə sosial mediadan istifadə etməyə başlayıb. Məlumdur ki, dünyada 5,35 milyard insan internet istifadəçisidir.

Hesabatdakı məlumatlara görə, istifadəçilər sosial mediada orta hesabla 2,23 saat vaxt keçirirlər. Bundan əlavə, 1,41 saat kitab, jurnal və buna bənzər oxumağa, 1,25 saat musiqi dinləməyə, 1,02 saat oyun oynamağa sərf olunur.

Günel Məlikzad