Türkiyə və Demiralın REKORDLARI
    • 3-07-2024, 15:25
    • 213

Türkiyə və Demiralın REKORDLARI

AVRO-2024-ün 1/8 final mərhələsinin Avstriya – Türkiyə oyunu statistik məqamlarla zəngin olub.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, İFFHS bu görüşlə bağlı hesabat hazırlayıb.

Avropa çempionatları tarixində ilk dəfə eyni oyunda 3 qol künc zərbələrindən sonra vurulub.

Türkiyə AVRO-2008-dən sonra ilk, tarixində 4-cü dəfə dünya və Avropa çempionatlarının final mərhələlərində 1/4 finala çıxıb.

Türkiyə tarixində ilk dəfə Avropa çempionatının pley-off matçında 90 dəqiqəyə qalib gəlib. 2-ci belə uğurunu əldə edən komanda AVRO-2008-in Xorvatiya ilə 1/4 finalındakı qələbəni penaltilər seriyasında əldə edib.

Qrupda Gürcüstanı 3:1 və Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə tarixində ilk dəfə eyni Avropa çempionatında 3 qələbə qazanıb.

Türkiyə AVRO-1964-dən sonra final mərhələsinin pley-offunda start heyətdə iki yeniyetməyə şans verən ilk komandadır. Arda Gülər və Kənan Yıldız ilk “11-lik”də meydana çıxıb. AVRO-1964-də Macarıstan Danimarka ilə görüşdə Ferents Bene və Zoltan Varqaya şans verib.

Avstriya 1965-ci ilin oktyabrından sonra ən erkən qolunu buraxıb. Həmin vaxt ADR-ın futbolçusu Yurgen Neldner DÇ-1966-nın seçmə oyununda erkən qola sevinib. Maraqlıdır ki, hər iki görüş Leypsiqdə keçirilib.

Merih Demiral DÇ-1998-in yarımfinalında iki qol vuran Lilian Türamdan sonra final mərhələsinin pley-offunda dubl edən ilk müdafiəçi olub.

Demiral Avropa çempionatlarında dubl edən 3-cü müdafiəçidir. Macarıstanlı Deje Novak AVRO-1964-ün Danimarka ilə 3-cü yer uğrunda matçında, fransalı Jan-Fransua Domerq AVRO-1984-ün Portuqaliya ilə yarımfinalında fərqlənib.

Demiral Avropa çempionatlarının pley-offunda dubl edən ilk türkiyəlidir. O, qitə çempionatlarında bunu bacaran 3-cü türkiyəlidir. Hakan Şükür AVRO-2000-nin Belçika, Nihat Kahveçi AVRO-2008-in Çexiya ilə matçında bunu bacarıb.

57-ci saniyədə Demiralın qolu Avropa çempionatları tarixində pley-offda vurulan ən erkən topdur. O, AVRO-2016-nın Portuqaliya ilə 1/4 final matçının 100-cü saniyəsində fərqlənən polşalı Robert Levandovskini arxada qoyub.

Avropa çempionatlarında ikinci dəfə 1-ci dəqiqədə qol vurulub. Hər ikisi AVRO-2024-ə təsadüf edib. Demirala qədər albaniyalı Nedim Bayrami qrupda İtaliyaya 23-cü saniyədə qol vurub.

Avropa çempionatlarının 6 ən erkən qolundan 4-ü AVRO-2024-də vurulub.

Həm dünya, həm Avropa çempionatlarının pley-offundakı ən erkən qol Türkiyə millisinin hesabındadır. Demiral Avropada, DÇ-2002-nin Cənubi Koreya ilə üçüncülük matçında 11-ci saniyədə fərqlənən Hakan Şükür mundiallarda rekordçudur.

Arda Gülər eyni Avropa çempionatında həm qol, həm assist müəllifi olan üçüncü yeniyetmədir. İngiltərəli Ueyn Runi və portuqaliyalı Kriştiano Ronaldo AVRO-2004-də belə uğura imza atıb.

Avstriyalı Mixael Qreqoriç AVRO-2024-ün 100-cü qolunu vurub.

Qreqoriç 2024-cü ildə Türkiyənin qapısına 4 dəfə yol tapıb. O, martdakı yoldaşlıq oyununda (6:1) het-trikə imza atıb.

Qeyd edək ki, Türkiyə Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.