GƏRGİNLİK ARTIR: Şimali Koreya 2 ballistik raket buraxıb
    • 1-07-2024, 16:55
    • 229

GƏRGİNLİK ARTIR: Şimali Koreya 2 ballistik raket buraxıb

Tətbiq olunan iqtisadi sanksiyalara və beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, nüvə silahı və ballistik raket proqramını davam etdirən Şimali Koreya bölgədə gərginliyi artıran addımlar atmağa davam edir.

News24.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada, Pxenyanın yerli vaxtla saat 05.05 radələrində Cənubi Hvanqhae əyalətindəki Canqyon bölgəsindən şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket atdığı bildirilib.

Açıqlamada saat 05:15 radələrində naməlum tipli daha bir raketin atıldığı bildirilib və raketlərin müvafiq olaraq 600 kilometr və 120 kilometr uçduğu bildirilib.

Bildirilib ki, raket qısa məsafə qət etdiyi üçün ikinci cəhd də uğursuz hesab edilib.

Açıqlamada Cənubi Koreya ordusunun ABŞ qüvvələri ilə əməkdaşlıq çərçivəsində müşahidə və təhlil fəaliyyətlərini davam etdirdiyi qeyd edilib və əlavə edilib:

“Şimali Koreyanın Koreya yarımadasının sülh və sabitliyini ciddi şəkildə təhdid edən, açıq-aşkar təxribat olan raket sınaqlarını şiddətlə qınayırıq”.

Cənubi Koreya ordusunun istənilən təxribata qəti cavab verməyə hazır olduğu vurğulanıb.


Günel Məlikzadə