24 saatda 52 meşə yanğını baş verdi
    • 2-07-2024, 16:13
    • 137

24 saatda 52 meşə yanğını baş verdi

Yunanıstan Yanğınsöndürmə briqadasının mətbuat sözçüsü Qubernator Vathrokoyannisin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 52 meşə sahəsində yanğın baş verib.

News24.az xəbər verir ki, havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə onlardan 44-ü nəzarətə götürülüb, 8 məntəqədə yanğınla mübarizə davam edir.

Kos (Kos) və Saqqız (Hios) adalarında yanğınlara nəzarət etməkdə çətinlik yarandığı üçün Afinadan gücləndirmə dəstələri göndərilib. Lesbos adasındakı yanğın üçün gücləndirici qrupların göndərilməsi qərara alınıb. Krit adasındakı yanğın səbəbiylə bəzi yaşayış məntəqələrinin ehtiyat tədbiri olaraq boşaldılması tələb edilib.

Yunan mətbuatında yer alan xəbərə görə, Serifos adasında şənbə günü baş verən meşə yanğınında Avropa Birliyi (AB) sərhədləri daxilində müəyyən edilən təbii ətraf mühitin mühafizəsi şəbəkəsi Natura 2000-ə aid ərazilərin dörddə biri məhv olub. 

Qeyd edək ki, Kos adasının meri Teodasis Nikitaras sosial şəbəkədəki paylaşımında adada vəziyyətin kritik olduğunu və Kardamaina bölgəsinin boşaldılmasına göstəriş verdiyini açıqlayıb.

Həm bölgədən təxliyə edilən insanlar, həm də yanğınsöndürmə işlərinə qatılanlar üçün qida və suya ehtiyac olduğunu bildirən Nikitaras, imkanı olanları köməyə çağırıb.

Nikitaras yanğının söndürülməsi üçün təcili olaraq könüllü dəstələrə ehtiyac olduğunu bildirib və gəncləri səylərə dəstək olmağa dəvət edib.

Yüzlərlə sakin və turist avtobuslarla təhlükəsiz ərazilərə aparılıb. Evlərini və mehmanxanalarını tərk etməli olanlar ictimai binalara yerləşdirildi.

Vathrokoyannis qeyd edib ki, Kos və Saqqız (Hios) adalarında yanğınları idarə etməkdə çətinliklər yarandığı üçün Afinadan gücləndirmə qrupları göndərilib.

Günel Məlikzadə