-
- 5-07-2024, 14:42
- 411
Aİ-də Orban böhranı: Moskvaya getdi
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.
News24.az xəbər verir ki, Orbanın sözçüsü Bertalan Havasi Macarıstanın MTI-ECONEWS xəbər agentliyinə baş nazirin “sülh missiyası”nda olduğunu bildirib.
Orban daha sonra Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlərindən bir neçə gün sonra Moskvaya səfər edərək sülh missiyasını davam etdirdiyini bildirib.
O, sosial media hesabında "Sülh missiyası davam edir. İkinci dayanacaq Moskvadır" yazıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell səfərdən əvvəl verdiyi açıqlamada səfərə reaksiya verərək Macarıstan liderinin Aİ-ni deyil, öz ölkəsini təmsil edəcəyini bildirib.
Borrell vurğulayıb ki, Aİ-yə sədrlik edən Macarıstanın lideri Orbanın səfəri yalnız Macarıstan və Rusiya arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutub.
O, bəyan edib ki, Aİ-nin müddətli sədrliyi üzv dövlətə Aİ adından xarici ölkələri təmsil etmək səlahiyyəti vermir.
Borrell, "Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir təlimat almayıb. Bu mövqe Aİ ilə Putin arasındakı rəsmi təmasları əhatə etmir. Bu səbəbdən Macarıstanın baş naziri heç bir şəkildə Aİ-ni təmsil etmir" deyib.
Günel Məlikzadə