İşdən 5 dəqiqə gec çıxan sevgilisini döyüb xəstəxanalıq etdi
    • 5-07-2024, 20:05
    • 246

İşdən 5 dəqiqə gec çıxan sevgilisini döyüb xəstəxanalıq etdi

Abşeron rayonunda 2001-ci il təvəllüdlü Tacir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Tamaraya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin aprelin 1-də, saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndində baş verib. 

Tacir İlqar Abdullayev küçəsində boş ərazidə saxladığı  “Mercedes Benz 190” markalı avtomobilin salonunda qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş ailə həyatı qurmaq istədiyi tanışı Tamaranın işlədiyi yerdən nəzərdə tutulmuş vaxtdan bir neçə dəqiqə gec çıxdığına görə qısqanclıq zəminində danlayıb. 

Bununla kifayətlənməyən Tacir əl, yumruq zərbələri ilə Tamaranın sifət, baş və bədən nahiyyələrinə qəsdən ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Tamaranı 2020-ci ildən tanıyır: “Tamara ilə Azərbaycan İqtisad Universitetinin Zaqatala rayonunda yerləşən filialında təhsil alıb. Həmin zamandan bu günə kimi aramızda olan sevgi münasibətlərindən hər ikimizin valideyinlərimizin xəbəri olub. Əvvəllər aramızda mübahsiələri olsa da, ancaq dava-dalaşlarımız olmayıb. Tamara hər gün işdən saat 17:30-da çıxsa da, lakin sonuncu dəfə işdən 5-10 dəqiqə gec çıxdığı üçün aramızda mübahisə yarandı. Mən işdən saat 18:00-da çıxdım, avtomobillə Tamaranın yaşadığı Novxanı kəndində olan ünvana getdim. Həmin ünvanda olan zaman Tamaranın mobil telefonuna zəng etdim. Ona orada olmasını bildirdim və avtomobilə çağırdım. Tamara evdən çıxaraq idarə etdiyim avtomaşının ön sağ oturacağında yanımda əyləşdi. Mən avtomobili sürərək, olduğumuz yerdən bir qədər aralandıq. Maşında olan zaman Tamara işdən gec çıxdığı üçün onunla aramızda mübahisə yarandı. Mübahisə zəminində əsəbiləşərək yumruqla onun sifət və bədən nahiyyəsinə vurdum. Bundan sonra Tamaranın burnu qanamağa başladı. Biraz söhbət etdikdən sonra Tamaranı aparıb yaşadığı ünvanın qarşısında düşürtdüm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə Novxanı kəndində onun idarə etdiyi “Mersedes” markalı avtomobilin salonunda baş verib: “Aramızda baş vermiş mübahisəyə səbəb Tamaranın işdən gec çıxması olub. Hadisə baş verən zaman avtomaşında Tamara və məndən başqa heç kim olmayıb. Mübahisəmiz təxminən 7-8 dəqiqə davam edib”. 

İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq onun döyülməyi barədə məlumat verən bacısı Leyla olub: “Bacımın “102” xidmətinə verdiyi məlumat və Saray Polis Bölməsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşam. Barəsində şikayət etdiyimiz Taciri 2020-ci ildən tanıyıram. Tacir ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təhsil almışam. Həmin vaxtdan aramızda sevgi münasibəti yarandı. Bu barədə valideyinlərimizin də məlumatı olub. Mən hazırda 2023-cü ilin noyabrın 17-dən MMC-də satış və marketinq şöbəsində kiçik mütəxəssis vəzifəsində işləyirəm. İşlədiyim MMC-də iş rejmi saat 08:00-dan, saat 17:30-dəkdir. Yəni, hər gün saat 17:30-da işdən çıxıram. Bu barədə Tacirin də məlumatı var. Tacir çox qısqancdır. Onun qısqanc olmasına görə aramızda bir neçə dəfə mübahisələrimiz olub”. 

Zərərçəkmiş qeyd edib ki, Tacir mütamadi olaraq işdə olan zaman ona saat 17:30-da zəng vurur: “Buna səbəb isə mənim işdən gec çıxıb-çıxmamağımdır. Hadisə günü, saat 17:20-də Tacir mənə zəng vurdu və “telefonu adboy vermə, işini gör qutar mən sənin işdən çıxmağını gözləyirəm” dedi. Mənim işlərim çox olduğu üçün işdən saat 17:35-də çıxdım. Bu səbəbdən də Tacir ilə aramızda telefonla danışan zaman mübahisə yarandı. Mən işimin çoxluğu ilə bağlı olaraq 5 dəqiqə gec çıxdığımı söylədim. Ancaq Tacir məni anlamaq istəmədi. Bundan sonra telefonun zənginə adboy verdim. İşdən çıxaraq sərnişin avtobusu ilə evə gələn zaman fikirləşdim ki, Tacirin əsəbi sakitləşəndən sonra onunla danışaram. Tacir telefon zənglərimə cavab verməsə də, sonda telefon zəngimə cavab verdi. İşdən çıxaraq mənimlə söhbət etməyə gəldiyini bildirdi. Mən yaşadığım ünvana çatdıqdan bir müddət sonra Tacir yaşadığım ünvanın qarşısına gəldi. Zəng edərək küçədə məni gözlədiyini dedi. Buna görə də evdən küçəyə çıxdım və Tacirin idarə etdiyi “Mersedes” markalı maşının ön sağ oturacağında, Tacirin yanında əyləşdim. Tacir maşını idarə edərək ünvandan biraz aralaşdı və avtomaşını küçədə saxladı”. 

Tamara qeyd edib ki, söhbət əsnasında tacir ona “mən sənə demişəm, işdən vaxtında çıx” deyib: “Həmin zaman Tacir əsəbi olub. Mən işimin çox olduğu üçün 5 dəqiqə gec çıxdığımı desəm də, Tacir sakitləşmədi. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Tacir yumruqla məni vurmağa başladı. Mən başımı tutdum, Tacir mənim bədən nahiyyələrimə hər iki əli ilə vurmağa başladı. Daha sonra başımı qaldıran zaman Tacir yumruqla sifət nahiyyəmə, başıma bir neçə dəfə zərbə ilə vurdu. Bu zaman burnumdan qan axmağa başladı. Ancaq Tacir yenə də sakitləşmədi. Əksinə, yenə də mənə işdən vaxtında çıxmağımı dedi. Mən Tacirə burnumun sındığını və məni evə aparmağını söylədim.

Əvvəlcə Tacir məni evə aprmaq istəməsə də, sonradan əlimdən tutaraq, əlimdə olan qan izlərini sildi. Sonra məni yaşadığım evin qarşısına apardı. Bu zaman Tacir mənə “get evə, 1 saatdan sonra gəlib səni götürəcəm” sözlərini dedi.

Mən avtomaşından düşərək evə getdim. Həmin zaman evdə yalnız bacım olub. Bacım mənə kim tərəfindən döyüldüyümü soruşdu. Mən də baş verənlər barəsində bacıma danışdım. Bacım isə anama zəng edərək bu barədə məlumat verdi. Anam klinikada tibb işçisi işlədiyi üçün mənə “taksiyə əyləş gəl xəstəxanada səni gözləyirəm” dediyi üçün taksi ilə anamın işlədiyi xəstəxanaya getdim. Orada ilkin olaraq mənə yardım göstərildi. Məlum oldu ki, burnum sınıb”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tacirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.