Bakıda gənc oğlan pula görə nənəsini öldürdü
    • 24-05-2019, 12:54
    • 1 000

Bakıda gənc oğlan pula görə nənəsini öldürdü

Bakıda nənəsini öldürməkdə təqsirləndirilən Əfəndiyev Eldar Seymur oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirləndirilən 25 yaşlı Eldarın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə keçən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib. Saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.